Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı üçün yetərli zəmin yaradılıb

Ölkədə ciddi sosial-iqtisadi islahatlar aparılır və bu şəraitdə iqtisadiyyatın əldə etdiyi mühüm uğurlar da var. Bunu SİA-ya müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişli deyib.

Deputat qeyd edib ki, uğurlarla yanaşı, müəyyən əngəllər və baryerlər də mövcuddur. Onlardan biri korrupsiya və rüşvətxorluq, eyni zamanda, şəffaflığın artırılması ilə bağlı qarşımızda duran çağırışlardır.

“Dövlət başçısının keçirdiyi müşavirə üç mühüm bölmədən ibarət idi. Birinci istiqamət ölkədə yaradılan iqtisadi və sosial şəraitdir ki, beynəlxalq reytinqlərdə kifayət qədər yüksək qiymətləndirilir. Biznesin aparılması, ölkənin potensialı, dövlət orqanlarının gələcəyə baxışlarıdır. Azərbaycan qlobal rəqabətlilik qabiliyyətliliyi hesabatında mühüm irəliləyiş əldə edib və dünyada ən çox - 11 pillə irəliləyən ölkə olub. Bundan əvvəl Azərbaycanın "Doing Bussines"də də dünyanın ən çox islahat aparan 20-ci ölkəsi olması, əslində o deməkdir ki, Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı üçün kifayət qədər yetərli zəmin yaradılıb.

İkinci istiqamət yaradılan bütün bu zəmindən sonra ölkədə yaranmış müvafiq iqtisadi artım, onun rəqəmləri ilə bağlı prezidentin etdiyi çıxış idi. Burada diqqəti cəlb edən mühüm məqamlardan biri ondan ibarətdir ki, bir çox sahələr üzrə Azərbaycanda rekord artım göstəriciləri müşahidə olunur. Məsələn, qeyri-neft sənayesinin 15 faiz, kənd təsərrüfatı sektorunun 7 faiz artmasını göstərmək olar. Düşünürəm ki, bunlar Azərbaycanda aparılan iqtisadi islahatların real nəticələrini özündə əks etdirir.

Üçüncü istiqamət, ümumilikdə hesablamalar göstərir ki, bizim ehtiyatlarımız kifayət qədərdir, iqtisadiyatımız daha çox böyüyə bilər. Əslində, aparılan iqtisadi islahat və yaranmış biznes mühiti iqtisadiyatımızın bütün sektrolarının daha sürətli və daha çox artmasına imkan yaradır. Sadəcə, buna nail olmaq üçün ortada olan əngəlləri aradan qaldırmaq lazımdır. Bununla bağlı bir daha ölkə başçısı sərt xəbərdarlığını etdi. Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafı üçün iqtisadi ehtiyatları mövcuddur. Bu ehtiyatları daha səmərəli istifadə etməklə, daha aktiv, dinamik şəkildə, bu ehtiyatları bir-birilə uzlaşdırmaqla, həm ümum daxili məhsulda, həm qeyri-neft sektorunun inkişafında yaxşı nəticələr əldə etmək mümkündür”, deyə Tahir Mirkişli bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə