"Qlobal Rəqabətlilik İndeksi"ndə Azərbaycan 11 pillə irəliləyib

Həm Dünya Bankının "Doing Business" hesabatı, həm də Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik İndeksi" Prezident İlham Əliyevin islahatlarının dərinləşməsinin qiymətləndirilməsidir

Azərbaycanda geniş miqyas alan iqtisadi islahatlara, milyonların rifahına xidmət edən sosial paketlərə daha bir beynəlxalq qiymət verildi. Dünya İqtisadi Forumunun nəşr etdiyi "Qlobal Rəqabətlilik İndeksi - 2019"da Azərbaycan iqtisadiyyatı 11 pillə irəliləyərək, 141 ölkə içərisində 62,7 balla 58-ci yerdə qərarlaşdı. Ölkəmiz 12 indikatordan 8-i - "institutlar", "infrastruktur", "makroiqtisadi sabitlik", "bacarıqlar", "əmtəə bazarı", "əmək bazarı", "biznesin dinamikliyi" və "innovasiya" üzrə ötən ilə nisbətən irəliləyib.

"Qlobal Rəqabətlilik İndeksi" beynəlxalq təşkilatlar, investor və sahibkarlar, müstəqil beyin mərkəzləri tərəfindən istinad mənbəyi kimi istifadə olunur. Son hesabata əsasən, Azərbaycan 141 ölkə arasında ən böyük yüksəliş balı (11 bal) əldə edib. Ölkəmiz bu nəticə ilə Cənubi Qafqaz dövlətləri arasında lider, MDB ölkələri arasında isə ilk üçlükdədir.

Dünya İqtisadi Forumunun ötənilki Qlobal Rəqabətlilik Hesabatında da Azərbaycan müxtəlif indekslərdə yüksəlmişdi. Tamamilə, yeni metodologiya əsasında hazırlanan hesabatda ölkəmiz dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu dövlət kimi göstərilmişdi. Həmçinin, Azərbaycan əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlmişdi.

Yeni reytinqə əsasən, Ermənistan 61,3 bal ilə siyahıda 69-cu, Gürcüstan 60,6 balla 74-cü pillədə qərarlaşıb. 141 ölkədən ibarət reytinq siyahısının beşliyinə ilk yerdə Sinqapur olmaqla ABŞ, Honkonq, Niderland və İsveçrə daxildir.

Bu gün Cənubi Qafqaz regionunun iqtisadi potensialının 70 faizdən çoxu, məhz Azərbaycanın payına düşür. Ölkəmiz iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə, dünya dövlətləri arasında qabaqcıl yerlərdən birini tutur. Fərəhli haldır ki, bu reallıqlar yalnız yerli mütəxəssislər tərəfindən deyil, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də etiraf olunur. Beynəlxalq reytinq agentlikləri Azərbaycanın potensial maliyyə və iqtisadi imkanlarını yüksək qiymətləndirirlər.

Dünya İqtisadi Forumunun son hesabatı da Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların nəticələrinin daha bir beynəlxalq platformada əks olunmasıdır desək, yanılmarıq. Bu, Cənab İlham Əliyevin məqsədyönlü və dərin iqtisadi islahatlarına verilən beynəlxalq qiymət olmaqla, bərabər reallığa çevrilən yeniliklərin dünyanın ən nüfuzlu iqtisadi qurumlarının diqqətindən yayınmamasının əyani təzahürüdür. Yəni ölkəmizin iqtisadi sahədə qazandığı nailiyyətlər, eləcə də, həyata keçirilən liberal iqtisadi islahatlar, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl və qətiyyətli addımlar dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının, reytinq agentliklərinin, iqtisadi azadlıq səviyyəsini tədqiq edən fond və mərkəzlərin diqqətindədir.

Ölkəmizin Dünya İqtisadi Forumunun son hesabatındakı 8 indikator üzrə yüksəlişinə nəzər yetirək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı icmalda göstərilir ki, hesabatda hər 12 indikator müxtəlif sub-indikatorlara bölünərək, ümumi nəticənin hesablanmasını əks etdirir. Azərbaycan "institutlar" indikatoru üzrə 9 pillə irəliləyərək ölkəmizdə məhkəmə hüquq, hüquq-mühafizə orqanları, terrorizmlə mübarizə, polisə etimad, büdcə şəffaflığı və hesabatlılığı, məhkəmələrin müstəqilliyi, media azadlığı, mülkiyyət və intellektual mülkiyyətin qorunması, əmlak idarəetməsi, korporativ idarəetmə, hökumətin uzunmüddətli strateji baxışı və elektron-hökumət istiqamətləri yüksəliş balları əldə edib. Bu sub-indikatorlar "institutlar" indikatorunun tərkib hissəsi olmaqla, son nəticəni hesablayaraq, reytinqi müəyyənləşdirir.

"İnfrastruktur" indikatoru ikinci göstərici olmaqla, yolların effektivliyi və keyfiyyəti, dəmiryolu və hava yollarında effektivlik, keyfiyyət və əlaqələndirmə, kommunal infrastrukturun keyfiyyəti, elektriklə təchizolunma səviyyəsi, əhalinin təmiz su ilə təmin olunmasını əks etdirir ki, Azərbaycan 8 pillə irəliləyərək, 77,4 balla dünya ölkələri arasında 38-ci mövqedə qərarlaşıb.

Azərbaycan makroiqtisadi vəziyyəti özündə ehtiva edən "makroiqtisadi sabitlik" indikatoru üzrə 23 pillə irəliləyib. Belə ki, inflyasiya və borc dinamikası əsasında hesablanan indikator üzrə bu səviyyədə irəliləyən yeganə ölkə Azərbaycandır.

Təhsil və insan kapitalının son vəziyyətini əks etdirən indikator üzrə hesabat "bacarıqlar" adı altında hazırlanır. Orta təhsilin keyfiyyəti və təhsil alan şagirdlərin oxuma dövrü, məzun olan şəxslərin şəxsi inkişafları üzərində işləməsi, aktiv əhali arasında rəqəmsal bacarıqlar üzrə ölkəmiz 6 pillə irəliləyib. Bu artım Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil və insan kapitalının inkişafı istiqamətində göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Ticarət və gömrük siyasətini özündə əks etdirən "əmtəə bazarı" göstəricisi 2 sub-indeksə bölünərək, müvafiq olaraq, ölkədaxili rəqabət və ticarət açıqlığını hesablayır. Göstəricinin hesablanma istiqamətləri bazarlarda inhisarçılıq və onun səviyyəsi, xidmət sektorunda rəqabətlilik, qeyri-tarif tənzimləmə tədbirləri, ticarət tarifləri və sərhəd-keçid məntəqələrində gömrük rəsmiləşdirilməsinin çevikliyindən ibarətdir. Azərbaycan "əmtəə bazarı" göstəricisi üzrə 14 pillə irəliləyərək yuxarıda göstərilən parametrlər üzrə yüksək bal əldə edib.

İşçilərdən və əmək resurslarından səmərəli istifadəni özündə əks etdirən "əmək bazarı" indikatoru üzrə son illər ciddi islahatlar aparılıb ki, bu islahatların bir çox hissəsi qanunvericilik dəyişikliklərindən və institusional islahatlardan ibarətdir. "Əmək bazarı" üzrə Azərbaycan 19 pillə irəliləyərək, dünya ölkələri arasında 21-ci mövqedə qərarlaşıb.

Son iki göstərici kimi təhlil edilən "biznesin dinamikliyi" və "innovasiya" üzrə Azərbaycan, müvafiq olaraq, 8 və 3 pillə irəliləyərək, ölkəmizin biznes mühitinin inkişafı istiqaməti üzrə aparılan intensiv islahatlara adekvat cavab verib. Sahibkarlıq risklərinin tənzimlənməsi, ölkə üzrə müflisləşmə, biznesə başlamaq üçün sərf olunan zaman, elm-tədqiqat xərcləri, patent müraciətləri, tədqiqat institutlarının sayı və keyfiyyəti, biznesdə innovativ yeniliklərin tətbiqi üzrə Azərbaycan dünya ölkələri arasında yüksək bal əldə etmiş reytinqə malikdir. Yalnız "biznesin dinamikliyi" üzrə Azərbaycan 141 ölkə arasında 31-ci mövqedə qərarlaşıb.

Sentyabr ayında Dünya Bankının hər il hazırladığı yeni "Doing Business" hesabatında da Azərbaycanda həyata keçirilən islahatların yüksək qiymətləndirilməsi deyilənlərin təsdiqidir. "Doing Business 2020" hesabatında Azərbaycan ötən illə müqayisədə daha 5 pillə irəliləyərək, ən islahatçı 20 ölkə sırasına daxil edilib. Bu hesabatda ölkəmiz əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların hüquqlarının qorunması, müqavilələrin icrasının təmin edilməsi indikatorları üzrə irəliləmişdi. Sənəddə, həmçinin, göstərilirdi ki, paytaxtın kadastr xəritəsinin tərtib olunması və Bakıdakı hər bir fərdi torpaq sahəsinin qeydiyyatı, eləcə də, mövcud sənədləşmənin təkmilləşdirilməsi və daşınmaz əmlak prosedurlarının çevikliyi nəticəsində, daşınmaz əmlakın qeydiyyatı prosesi daha da sürətlənib.

Həm Dünya Bankının "Doing Business" hesabatı, həm də Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik İndeksi" Prezident İlham Əliyevin islahatlarının dərinləşməsinin qiymətləndirilməsidir. Yəni bu, islahatların davamlılığına verilən beynəlxalq dəyərdir. Bütün bunlar, onu deməyə əsas verir ki, Azərbaycan növbəti dövrlərdə də dərinləşmiş islahatları davam etdirəcək.

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə