"Azərbaycan ən böyük yüksəliş balı əldə edib" - Millət vəkili

“Respublika Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin bütün sektorlarında aparılan islahatlar öz bəhrəsini verməkdədir”. SİA xəbər verir ki, bunu YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, Dünya İqtisadi Forumu tərəfindən nəşr edilən “Qlobal Rəqabətlilik İndeksi”ndə Azərbaycan 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci mövqedə qərarlaşıb və bunun da səbəbləri var: "Prezident İlham Əliyevin rəhbərliyi ilə makroiqtisadi sabitlik və biznes mühitinin əlverişliliyi təmin olunub, geniş miqyaslı infrastruktur layihələri icra edilib. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmiz səhiyyə və təhsil sahəsində əhəmiyyətli nailiyyətlər əldə edib, sözügedən sahələr üzrə infrastruktur layihələri həyata keçirilib".

A.Hüseynov qeyd edib ki, hesabatın son nəşrinə görə, Azərbaycan 12 indikatordan 8-i üzrə irəliləyərək MDB ölkələri arasında lider mövqelər sırasında qərarlaşıb: "Azərbaycan “institutlar” indikatoru üzrə 9 pillə irəliləyib. Azərbaycan “infrastruktur” indikatoru üzrə 8 pillə irəliləyərək 77,4 balla dünya ölkələri arasında 38-ci mövqedə qərarlaşıb və “makroiqtisadi sabitlik” indikatoru üzrə 23 pillə irəliləyən yeganə ölkə olub. Ölkəmiz “əmtəə bazarı” göstəricisi üzrə 14 pillə irəliləyərək yüksək bal əldə edib. “Əmək bazarı” üzrə 19 pillə irəliləyərək dünya ölkələri arasında 21-ci mövqedə qərarlaşıb. Bundan əlavə, əmək siyasətinin daha çevik həyata keçirilməsi üzrə 0-100 bal şkalasında 69,4 bala malikdir".

Deputat əlavə edib ki, Azərbaycan biznesin dinamikliyi üzrə 141 ölkə arasında 31-ci mövqedə qərarlaşıb: "Ölkəmiz 141 ölkə arasında ən böyük yüksəliş balı əldə edib, Cənubi Qafqaz ölkələri arasında lider, MDB ölkələri arasında isə ilk üçlükdədir".

Millət vəkili sonda qeyd edib ki, göründüyü kimi Respublika Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin bütün sektorlarında aparılan islahatlar öz bəhrəsini verməkdədir. Bu isə Azərbaycanın beynəlxalq arenada nüfuzunu artırmaqla xalqımızın Dövlət Başçısı ətrafında birliyini durmadan möhkəmləndirir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...