Muxtar respublikada nəqliyyatın dinamik inkişafı təmin edilib

İqtisadi inkişafın təmin olunmasında nəqliyyat sahəsi mühüm rol oynayır. Muxtar respublikada bu sahənin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasət müasir nəqliyyat sisteminin yaradılmasını təmin etməklə yanaşı, ümumi inkişafı da sürətləndirib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, son dövrlər müasir avtomobil yolları şəbəkəsinin yaradılması istiqamətində, həmçinin muxtar respublikanın xarici ticarət əlaqələrinin genişlənməsində, beynəlxalq yük və sərnişin daşımalarında mühüm rol oynayan, uzunluğu 87 kilometr olan Naxçıvan-Sədərək və uzunluğu 32,4 kilometr olan Naxçıvan-Culfa magistral avtomobil yolları yenidən qurularaq istifadəyə verilib. Bundan əlavə, ötən dövrdə uzunluğu 88,8 kilometr olan Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolu da yenidən qurulub.

Culfa rayonunda uzunluğu 57,6 kilometr olan, 20 kəndi əhatə edən Çeşməbasar-Boyəhməd avtomobil yolu, Kəngərli rayonunda uzunluğu 39,2 kilometr olan, 5 kəndi əhatə edən Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu, Babək rayonunda uzunluğu 25,6 kilometr olan, 13 yaşayış məntəqəsini birləşdirən Hacıvar-Vayxır-Sirab avtomobil yolu, uzunluğu 25,4 kilometr olan, 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolu olmaqla, ümumilikdə, 2009-cu ildən 1 sentyabr 2019-cu il tarixədək muxtar respublikada 1198 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulub. Bundan əlavə, 65 körpünün tikintisi və ya yenidən qurulması başa çatdırılıb, 27 körpü isə təmir olunub.

Əhaliyə göstərilən nəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində Naxçıvan şəhərində şəhərdaxili marşrutlara yeni avtobuslar buraxılıb, rayon mərkəzlərinə və kəndlərə iritutumlu və rahat avtobuslarla gediş-gəliş təmin edilib. Həmçinin ötən dövrdə Naxçıvan, Şərur, Ordubad, Culfa və Şahbuz şəhərlərində müasir avtovağzal kompleksləri, Naxçıvan şəhərində Avtobus Parkı istifadəyə verilib.

Muxtar respublikada hava nəqliyyatının inkişafı istiqamətində ardıcıl tədbirlər aparılıb, yeni inzibati bina inşa olunub. Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması, təyyarə uçuşlarının təhlükəsizliyinin tam təmin edilməsi məqsədilə Şərq və Qərb terminalları istifadəyə verilib. Yenidənqurma işlərindən sonra hava limanının illik sərnişin və yükdaşıma dövriyyəsi xeyli artıb, aerovağzal binasından istifadə edən sərnişinlərin sayı saatda 600 nəfərə çatdırılıb. Bundan əlavə, ötən dövrdə Şərur və Ordubad şəhərlərində aviakassa binaları istifadəyə verilib.

Beynəlxalq Hava Limanında yüklərin təhlükəsiz daşınması və qəbulu istiqamətində karqo terminalı yenidən qurulub, maşın və mexanizmlər üçün qaraj kompleksinin yaradılması başa çatdırılıb.

Muxtar respublikada nəqliyyatın digər bir sahəsi olan dəmir yolunun inkişafı da diqqətdə saxlanılıb, infrastruktur yenidən qurulub. Bundan əlavə, dəmir yolu təsərrüfatı yeni sərnişin vaqonları ilə təmin olunub.

Həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2019-cu ilin yanvar-avqust aylarında muxtar respublikada nəqliyyat sektorunda 10 milyon 809 min 300 ton yük, 69 milyon 936 min 700 nəfər sərnişin daşınıb ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 78,9 və 88,2 faiz çoxdur.

Yük və sərnişin daşınmasından, bütövlükdə, 38 milyon 680 min 200 manat gəlir əldə olunub. Bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 91,5 faiz çoxdur.

Əhali artımına uyğun olaraq muxtar respublikada müasir yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində bu sahəyə 2019-cu ilin yanvar-avqust ayları ərzində 60 milyon 504 min manatdan artıq vəsait yönəldilib.

Cari ilin ötən dövründə Naxçıvan şəhərdaxili, Şərur rayonunun Kərimbəyli və Qışlaqabbas, Ordubad rayonunun Dəstə kəndlərində avtomobil yollarının yenidən qurulması başa çatdırılıb.

Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi, Culfa-Ordubad magistral avtomobil yolunun, Culfa şəhərində avtomobil yolunun, Ordubad rayonunda Biləv-Tivi-Nürgüt, Şərur rayonunda Xətai-Yeni Havuş, Şərur şəhərinə giriş, Muğanlı, Muğancıq Mehrab, Alışar və Xələc, Babək rayonunun Kültəpə və Gülşənabad, Ordubad rayonunun Vənənd, Anaqut və Darkənd, Şahbuz rayonunun Türkeş kəndlərində və Badamlı qəsəbəsində avtomobil yollarının yenidən qurulması, Culfa rayonunun Ərəfsə kəndində körpünün bərpası davam etdirilib.

Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində cari ilin yanvar ayından Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutunda gecə reysləri fəaliyyətə başlayıb. Bundan əlavə, iyul ayından başlayaraq Naxçıvan-Bakı-Naxçıvan marşrut xətti üzrə hərəkət edən sərnişin avtobuslarına tətbiq olunan gömrük nəzarətini sadələşdirmək məqsədilə Naxçıvan Şəhər Avtovağzal Kompleksində və Bakı Beynəlxalq Avtovağzalında gömrük nəzarəti zonaları yaradılıb. Bu da sərnişinlərin rahatlığının təmin edilməsinə, sərhədkeçmə prosesinin sürətləndirilməsinə və avtobusların mənzilbaşına daha tez çatmalarına imkan verir.

Şahbuz şəhərində aviakassa binasının tikintisi başa çatdırılıb, Naxçıvan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının yenidən qurulması davam etdirilir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının qəbul etdiyi qərara əsasən cari il avqustun 15-dən etibarən Naxçıvan Muxtar Respublikasının Türkiyə üzərindən birbaşa hava dəhlizi açılıb.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasının əsaslı təmiri başa çatdırılıb, Naxçıvan stansiyasında polis şöbəsi üçün inzibati binanın, Culfa stansiyasında İstismar Vaqon Deposunun təmir sexinin tikintisi, inzibati binasının yenidən qurulması, Park “V” İdarəetmə Mərkəzinin əsaslı təmiri davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...