Hacıqabulda pambıq yığımına başlanılıb

Hacıqabulda pambıq yığımına başlanılıb. Məhsul toplanışına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri yetişdirdikləri pambığı qısa müddətdə toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər.

Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzindən SİA-nın Aran bürosuna bildiriblər ki, son illər dövlətin pambıqçılığın inkişafına göstərdiyi dəstək, verdiyi əlavə subsidiyalar rayonda pambıq əkini ilə məşğul olan fermerlərin təsərrüfatın bu sahəsinə marağını xeyli artırıb. Bu səbəbdən də rayonda məhsul istehsalı ilbəil artır. Ötən il pambıq plantasiyalarında 1000 tondan çox məhsul toplayan pambıq ustaları cari ildə də bol məhsul yetişdiriblər. Artıq pambıqçılar məhsul yığımına başlayıblar. Qısa müddətdə sahələrdən 53 tondan çox məhsul toplanılaraq qəbul məntəqələrinə göndərilib. Hər gün plantasiyalardan 5-6 ton məhsul yığılır. Kollarda qozalar tam açılmadığından hələlik yığım əl ilə aparılır.

Rayonda məhsul yığımına ilk başlayanlardan biri Qarasu kənd sakini, fermer Murad Abdullayevdir. Məhsul istehsalçısı ötən il hər hektar pambıq sahəsindən 25 sentner məhsul toplayıb.

“Bu mövsüm 20 hektar sahədə pambıq əkmişəm. Becərmə işlərində mütərəqqi üsullardan istifadə etdiyim üçün məhsul boldur. Bir neçə gündür ki, pambıq toplanışına başlamışam. Məhsulu hələlik əl ilə yığırıq. Hər gün sahədən 150-200 kiloqram məhsul toplayırıq. Yaxın günlərdə sahəyə pambıqyığan maşın da çıxacaq. Ölkəmizdə pambıqçılığın inkişafına göstərilən hərtərəfli qayğı və ötən il onun alış qiymətinin 50 manat artırılması mənim də işə olan marağımı artırıb. Digər fermerlər kimi mən də daha çox məhsul istehsal etmək üçün var gücümlə çalışıram. Ölkəmizdə aqrar sahənin inkişafına göstərilən dəstəkdən yararlanaraq gələcəkdə əkin sahəsini daha da genişləndirəcək, məhsul istehsalını artıracağam. Sözsüz ki, istehsal artdıqca qazanc da çoxalacaq”, - deyə fermer bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə