Azərbaycanın neft sənayesinin ən parlaq səhifəsi “Əsrin müqaviləsi”- 25

Neftçı peşəsi Azərbaycanda 200 illik tarixə malik olan bir peşədir. Cəsur, dözümlü və böyük hörmətə malik olan şərəfli bir peşədir. Bu gün, Azərbaycan neftçiləri ölkəmizin uğurlu inkişafı üçün çox böyük işlər görürlər, qəhrəmanlıq göstərirlər, ağır şəraitdə, dənizdə ölkəmizin qüdrətini artırırlar.

Azərbaycan böyük neft və qaz sərvətlərinə malik olan bir ölkədir. Zəngin sərvətlərə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün əsas amildir. Lakin istər sovet hakimiyyəti illərində, istərsə də ondan əvvəlki dövrdə Azərbaycan xalqı bu xoşbəxtlikdən - təbiətin ona bəxş etdiyi xəzinədən öz xeyri, öz mənafeyi naminə istifadə edə bilməmişdir.

İllər keçdi, SSRİ dağıldı, müstəqillik qazanıldı və bununla da asılılıq məcburiyyəti üzərimizdən götürüldü. Xalqın öz mənafeyi naminə zəngin sərvətlərimizin istifadəsinə geniş imkanlar yarandı. Amma, müstəqillik qazanmaq çətin olduğu kimi, onu qoruyub saxlamaq və yaşatmaq da asan məsələ deyil. Bir tərəfdən iqtisadi əlaqələrin pozulması, təchizatla bağlı problemlərin həddən artıq kəskinləşməsi və maliyyə çatışmazlığı, digər tərəfdən də ölkədə gedən siyasi böhran və qeyri sabitlik, nəticədə neft sənayesinin zəyifləməsinə gətirib çixartdı. Neft və qaz hasilatının səviyyəsi getdikcə aşağı düşərək sözün əsl mənasında iflicə uğradı.
Neft sənayesi böyük sərmayə qoyuluşu tələb edən bir sahədir və ümumiyyətlə heç bir ölkə nəhəng layihəli riskli işə təklikdə getmək istəmir.

Odur ki, problemin həllinin bir yolu qalırdı: dünyanın nəhəng, qüdrətli şirkətlərini, onların maddi və texniki potensialını Azərbaycana cəlb etmək!

Yalnız və yalnız, xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra buna nail olmaq mümkün oldu. Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcına təməl qoyuldu.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında və cəsarətli səyi nəticəsində dünyanın nəhəng şirkətləri ilə Bakıda başlayan danışıqlar Türkiyə və ABŞ-da davam etdirildi. Tərkibi unudulmaz Prezidentimiz tərəfindən müəyyən olunmuş nümayəndə heyəti 1994-cü ilin iyul ayında Birləşmiş Ştatlara yola düşür.

Planlarımız çox geniş, məqsədimiz bəlli idi. Ancaq, bu məqsədə çatmaq elə də asan deyil idi. Danışıqlar çox çətin və qərgin davam edirdi. Nümayəndə heyətimiz başa düşürdü ki, səhfə yol vermək olmaz. Ona görə ki, əks tərəf şirkətlərin hər hansı yalnış addımı, yalnız onların öz şirkətləri çərçivəsində uğursuz bir layihə kimi qiymətləndirilmiş olurdusa, amma bizim nümayəndə heyətimizin yalnış atdımı bütün xalqın müqəddəratını həll etmiş olurdu.

Lakin, bütün bu çətinlik və gərginliklərə baxmayaraq Heydər Əliyevin böyük nüfuzu, məsələnin mahiyyətini dərindən bilməsi, və eyni zamanda, nümayəndə heyətimizin üzvü hörmətli İlham Əliyevin təcili ABŞ-a getməsi, orada danışıqlar aparması sayəsində bütün problemlər aradan qaldırıldı və müsbət sonluqla tamamlandı.

Nəhayət, bütün bu işlərin məntiqi nəticəsi kimi, 1994-cü il sentyabrın 20-də Prezident Heydər Əliyevin rəhbərliyi ilə Bakıda təntənəli şəraitdə Dövlət Neft Şirkəti ilə dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti arasında sazış imzalandı.

Sonralar “Əsrin Müqaviləsi” adını almış “Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” adlı müqavilə imzalandı və bununlada neft strategiyasının əsası qoyuldu. Neft kapitalı insan kapitalına çevrilməyə başladı. Yeni uğurlar qazandıq, sərvətimizə sərvət qatdıq.

Azərbaycan çox böyük sınaqlardan şərəflə çıxdı və qarşıda duran bütün vəzifələri uğurla həll etdi. İnvestisiyaların cəlb edilməsi, xarici şirkətlərlə uğurlu və qarşılıqlı maraqlar əsasında yaradılmış əlaqələr, hasilatın artırılması, Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi, neft kəmərlərinin tikintisi və təbii ehtiyatların bu kəmərlər vasitəsilə dünya və Avropa bazarlarına nəql edilməsi layihələri bugünkü Azərbaycanın reallıqlarını böyük dərəcədə əks etdirdi.

Belə hesab etmək olar ki, “Əsrin müqaviləsi” imzalandığı gün Azərbaycanın neft sənayesinin ən parlaq səhifəsi kimi tarixə yazıldı.

Təsadüfi deyil ki, Prezident Heydər Əliyev həmin günü sonralar öz Fərmanı ilə 20 sentyabr “Neftçilər günü” kimi əbədiləşdirdi.

Bu gün, ulu öndər Heydər Əliyevin yolunu uğurla və layiqincə davam edən cənab prezident İlham Əliyevin göstərişi ilə, 20 sentyabr “Neftçilər günü” hər il olduğu kimi, çox böyük diqqət və qayğı ilə qeyd olunmaqdadır. Onlarla neft işçilərinə fəxri adlar, mükafatlar və təqaüdlər verilməkdədir. Bu bir qürur verici haldır.

Odur ki, mən də öz növbəmdə Azərbaycan iqdisadiyatının lokomotivi sayılan neft sənayəsinin əməkdaşı kimi, SOCAR ailəsinin bir üzvü olduğum üçün bununla fəxr edib, həmkarlarımı və ümumiyyətlə bütün Azərbaycan xalqını bu bayram günü, 20 sentyabr “Neftçilər günü” münasibəti ilə təbrik edirəm!

İlham Quliyev,

SOCAR, “Neftqazelmitədqiqatlayihə” İnstitutu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...