İqtisadi müstəqilliyimizin bünövrəsi - "Əsrin müqaviləsi" ŞƏRH - ÖZƏL

“1994-cü ilin sentyabrın 20-i tarixdə Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay bölgüsü haqda dünyanın 11 ən iri neft şirkəti ilə bağlanılan "Əsrin müqaviləsi", Ümummilli lider Heydər Əliyevin xalqın iradəsi, çağırışı və təkidi ilə hakimiyyətə gəlişindən sonra ölkəmizin iqtisadi müstəqilliyinin əldə olunması üçün dərhal irəliyə doğru atılan bir addım, daha dəqiq desəm, özül oldu”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, müqaviləni sırf neft strategiyası olaraq qələmə vermək əsla düzgün deyil: "Əsrin müqaviləsi" iqtisadi müstəqillik əldə etməyimiz ilə bağlı bir bünövrə və strategiya idi. Həmin dövrdə Azərbaycanın iqtisadiyyatı dağılmış vəziyyətdə idi, dövlət büdcəmizin gəlirləri xərclərini ödəmirdi - beynəlxalq maliyyə qurumlarından asılı sayılırdıq. Ölkə investisiyalara aşkar aclıq şəraitində idi. Belə bir şəraitdə diqqəti ölkəyə cəlb etmək, iqtisadiyyatı bərpa etmək, kənardan maliyyə axınlarına nail olmaq böyük şücaət tələb edirdi. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi” dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) ilə bağlandı. Və beləliklə də, Azərbaycanın qapıları investisiyalar üçün bir növ açıq elan edildi”.

Ekspert söyləyib ki, ilkin hesablamalar hər üç yatağın dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatının 511 milyon ton olduğunu ehtiva etsə də, sonra bu rəqəm 1.072 milyard ton həcmində müəyyən edildi: “ Beləliklə də, ölkəmizin siyasi müstəqillik əldə etməsindən başqa, bununla iqtisadi cəhətdən də qeyri-asılılığının əsası qoyuldu. Siyasi müstəqillik iqtisadi asılılıq şəraitində mümkün deyildir. Bu, aksiomadır. Bu baxımdan, Azərbaycan xoşbəxt məmləkətdir. Zəngin təbii resursları mövcuddur. Lakin bunu reallaşdırmaq gərəkirdi. Bu isə ayrıca olaraq, müvafiq iradə və şücaət tələb edirdi. Bu mənada, Heydər Əliyev şəxsiyyəti tapıntı idi. Məhz, Heydər Əliyev sayəsində bütün risklər nəzərə alınaraq sözügedən addım atıldı. 1997-ci ilin sonlarında Azərbaycan nefti Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlandı. 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkilib istifadəyə verilərək, həmin ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Və məhz, 2002-ci ildə ümummilli lider Heydər Əliyevin sayəsində bütün kənar xarici qüvvələr qeyri-rentabelli, əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi halda, bu günki gündə əsas neft kəməri olan Bakı-Tbilisi-Ceyhanın (BTC) təməli qoyuldu”.

P. Heydərov qeyd edib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” (AÇQ) yataqlar bloku istifadəyə verilən gündən indiyədək ümumilikdə 492 milyon ton neft hasil edilib: “Və bu müddət ərzində Dövlət Neft Fondu yaradılaraq, bu qurumun sərəncamına təqribən, 150 milyard ABŞ dolları həcmində vəsait daxil olmuşdur. Bununla da, Azərbaycan iqtisadiyyatı böyüdü, kredit alan ölkədən donor ölkəyə çevrildi, dövlət büdcəmizin həcmi genişləndi, xarici maliyyə qurumlarının və investorlarının ciddi maraq obyektinə çevrildik və sair... Bütün bunlar hələ davam edir. Hazırda Azərbaycan dünyanın 190-a yaxın ölkəsi ilə ticarət əməliyyatları aparır. Ölkə iqtisadiyyatına 260 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb və bunun da təxminən yarısını xarici sərmayələr təşkil edir. Ümumi investisiyanın 60 %-dən çoxu qeyri-neft sektorunun inkişafına yönəldilib, 2 milyondan çox yeni iş yeri açılıb. 2018-ci ildə özəl bölmənin ümumi daxili məhsulda payı 85 %-ə, məşğulluqdakı payı isə 76 %-ə çatıb. Ölkəmizin xaricə dövlət borcu səviyyəsindən bir neçə dəfə yüksək valyuta ehtiyatları həcmi yaranıb”.

İki il öncə, 2017-ci il sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və neft hasilatının pay bölgüsü haqqında yeni Sazişin imzalandığını xatırladan iqtisadçı ekspert vurğulayıb ki, bununla da, “Azəri-Çıraq-Günəşli” neft yataqları blokunun işlənilməsi üzrə yeni dövrə başlanğıc qoyulub: “Sazişi Azərbaycanın SOCAR, BP, “Chevron”, IMPEX, “Statoil”, “ExxonMobil”, “TP”, ITOCHU və “ONGC Videsh” şirkətləri imzalayıblar. Hasilatın Pay Bölgüsü haqqında yenidən işlənən və 2050-ci ilə qədər uzadılan sazişə görə, BP fəaliyyətini layihənin operatoru kimi davam etdirməklə, SOCAR-ın payı 11 %-dən 25 %-ə qədər artırılıb, mənfəət neftinin isə 75 %-nin ölkəmizin sərəncamında qalacağı razılaşdırılıb. Bununla da, Azərbaycanın neft strategiyasının yeni mərhələsinin əsası qoyulub. İqtisadi müstəqilliyi və gücü güclənən Azərbaycan qarşıdakı illərdə daha da güclənəcək, başqa sözlə desə desəm, ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə əlavə təminat yaranmaqla, yeni-yeni investisiyalar, ÜDM-in artımı, yeni iş yerləri və sosial rifahın yaxşılaşması üçün növbəti imkanlar açılacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...