Xoşbəxt Yusifzadə: “Əsrin müqaviləsi” mənim gözlərim önündə ərsəyə gəlib

Azərbaycanın neft-qaz sənayesi “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 25 ildə əsrə bərabər inkişaf yolu keçib

SOCAR-ın birinci vitse-prezidenti, akademik, Azərbaycan neftçilərinin ağsaqqalı, neft tariximizin canlı əfsanəsi Xoşbəxt Yusifzadə “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

- Xoşbəxt müəllim, “Əsrin müqaviləsi”nin 25 illik yubileyi münasibətilə şirkətinizdə ilk növbədə sizi təbrik etmək yerinə düşər. Çünki bu gün dillər əzbəri olan müqavilənin ərsəyə gəlməsində əsas simalardan biri olmusunuz. O dövr yaddaşınızda necə qalıb?

- Təşəkkür edirəm. Mən də bütün Azərbaycan neftçilərini bu münasibətlə ürəkdən təbrik etmək istəyirəm. Tale belə gətirib ki, doğurdan da, “Əsrin müqaviləsi”nin ərsəyə gəlməsi mənim gözlərimin önündə baş verib.

Neft hasilatının artırılması hələ ötən əsrin 80-cı illərinin sonlarında aktual məsələyə çevrilmişdi. Bunun əsas səbəbi o idi ki, 1979-cu ildə kəşf olunmuş “Günəşli” yatağının dərinsulu hissəsində, 1985-ci ildə kəşf edilmiş “Çıraq” və 1987-ci ildə aşkarlanmış “Azəri” yataqlarında işləmək mümkün deyildi. O vaxtkı texnika və texnologiya ilə yalnız “Günəşli” yatağının suyun dərinliyi 200 metrədək olan hissəsində işləmək mümkün idi. Belə bir vaxtda Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin neft yataqlarının xarici neft şirkətləri ilə birgə işlənilməsi istisna edilmirdi. Xarici neft şirkətləri Azərbaycan hökuməti ilə danışıqlara artıq 1990-cı ildən başlamışdılar.

Məşhur xarici şirkətlərin Xəzərdəki neft yataqlarına marağını nəzərə alan SSRİ hökuməti o vaxt belə qərara gəldi ki, həmin şirkətlərlə birgə işlənilmək üçün müəyyən bir yataq ayrılsın. “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin təklifi ilə Azərbaycan hökuməti xarici şirkətlərlə birgə işlənilmək üçün “Azəri” yatağının seçildiyini bildirdi.

Azərbaycan SSR Nazirlər Sovetinin və SSRİ Neft və Qaz Sənayesi Nazirliyinin 1991-ci il 18 yanvar tarixli Qərarına əsasən, “Xəzərdənizneftqaz” İB xarici firmalarla birgə müəssisə yaratmalı və bu birgə müəssisə “Azəri” yatağının birgə kəşfiyyatı və işlənilməsini həyata keçirməli idi. Bu məqsədlə tender keçirmək üçün SSRİ Neft və Qaz Sənayesi nazirinin birinci müavini Boris Aleksandroviç Nikitinin və Azərbaycan Respublikası Dövlət Plan Komitəsi sədrinin müavini Rafiq Mirzəyevin rəhbərliyi ilə 27 mütəxəssisdən ibarət təşkilat komitəsi yaradıldı. Tenderdə iştirak etmək üçün “Azəri” yatağı barəsində məlumatlar paketi 16 xarici şirkətə, o cümlədən ABŞ-ın 7 şirkətinə göndərildi. Buna cəmi 6 şirkət cavab verdi. Tender komissiyası bu şirkətlərin təkliflərini təhlil etdi və 1991-ci ilin iyun ayında tenderə yekun vuruldu. ABŞ-ın “AMOKO” şirkəti qalib elan edildi.

Elə həmin il Azərbaycan Respublikasının nümayəndə heyəti tenderdə qalib gəldiyini “AMOKO” şirkətinə bildirmək, onun rəhbərliyi və fəaliyyəti ilə, eləcə də ABŞ-ın neft sənayesi, ələlxüsus da bu ölkədə dəniz neftinin axtarışı və hasilatı ilə yaxından tanış olmaq üçün Amerikaya səfər etdi. O vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Fuad Musayevin başçılıq etdiyi nümayəndə heyətinin üzvlərindən biri də mən idim. Səfər yoldaşlarım isə o vaxt Azərbaycan KP MK-da məsul vəzifələrdə çalışan Natiq Əliyevlə Rauf Bayramov idi.

Bu, mənim okeanın o tayına ilk səfərim idi. ABŞ-da biz iyunun 23-dən iyulun 5-dək olduq. İyunun 24-də Hyustona gəldik və “AMOKO” şirkətinin tenderin qalibi hesab olunması barədə müsabiqə komissiyasının protokolunu şirkətin vitse-prezidenti Robert Blantona təqdim etdik. Təqdimat mərasimində “MakDermott”, “Yunokal”, “Britiş Petroleum” və digər şirkətlər barəsində Azərbaycan Respublikasının mövqeyini də bildirdik.

İkinci dəfə ABŞ-da 1992-ci ilin martında oldum.

“Azəri” yatağı ilə bağlı tender və bu tenderdə “AMOKO”nun qələbəsi artıq tarixə çevrilmişdi. Tender komissiyası özünün yekun sənədində “AMOKO” şirkətinə belə bir səlahiyyət də vermişdi ki, bu şirkət, tenderin qalibi kimi, lazım gələrsə, Azərbaycan hökumətinin razılığı ilə “Azəri” yatağında birgə işləmək üçün başqa şirkətləri də cəlb edə bilər. Buna görə də “AMOKO” şirkəti tenderdə iştirak etmiş “Yunokal” (ABŞ), “Britiş Petroleum” (Böyük Britaniya), “Statoyl” (Norveç), “MakDermott” (ABŞ) şirkətlərini respublika rəhbərliyinin razılığı ilə birgə işləməyə dəvət etdi.

“AMOKO” şirkəti yatağın öyrənilməsinə və texniki-iqtisadi əsaslandırma (TİƏ) layihəsi üzrə işlərə 1991-ci ilin axırından başlamışdı. “Azəri” yatağına dair məlumat və sənədləri toplamaq məqsədilə şirkətin mütəxəssisləri (geoloqlar, geofiziklər, qazmaçılar, inşaatçılar, istismarçılar, ekoloqlar və başqaları) bir neçə dəfə Bakıda oldular. Lakin bu prosesin gedişində bizim mütəxəssislərin Hyustonda olmaması işlərin ləngiməsinə gətirib çıxarırdı. Buna görə də 1992-ci ilin mart ayında rəhbərlik etdiyim Azərbaycan mütəxəssislərindən ibarət qrup “AMOKO” şirkətinin Hyuston şəhərindəki mərkəzi ofisinə göndərildi. Biz “AMOKO” şirkətinin və onunla birgə işlər görən qərb şirkətləri mütəxəssislərinin apardıqları prosesə qoşulduq və “Azəri” yatağının birgə işlənilməsinin texniki-iqtisadi əsaslandırılması layihəsinin üzərində çalışmağa başladıq. Üç həftə davam edən bu birgə iş öz müsbət nəticəsini verdi. Layihənin 80 faizinə əməl edildi. Qrupların birgə fəaliyyəti nəticəsində “Azəri” yatağının ümumi konsepsiyası işlənib hazırlandı.

Hyustondan qayıtdıqdan sonra rəhbərlik etdiyim qrup texniki-iqtisadi əsaslandırmanın layihəsi üzərində işi davam etdirdi. Paralel olaraq, həmin layihə üzərində amerikalılar da işləyirdilər. Onlar bu işi 1992-ci ilin iyul ayında başa çatdırdılar. Sonra Bakıya gəlib layihəni baxılmaq üçün bizə təqdim etdilər. Bizim qrup bir ay ərzində layihəni dərindən öyrəndi, rəy və təkliflərini bildirdi. Bir müddətdən sonra bizi yenidən Hyustona dəvət etdilər. “Azəri” yatağının TİƏ layihəsini başa çatdırmaq lazım idi. 1992-ci il sentyabrın 12-də Azərbaycan Dövlət Neft Şirkəti mütəxəssislərinin bir qrupu Hyuston şəhərinə yola düşdü. Rəhbərlik etdiyim bu qrup “AMOKO”nun və qərbin başqa şirkətlərinin mütəxəssisləri ilə birlikdə “Azəri” yatağının TİƏ layihəsi üzərində işi tamamladı. Həmin il sentyabrın 28-də layihənin qəbul protokolu imzalandı. Amma belə təsəvvür yaranmasın ki, guya bütün işlər rəvan gedirdi. Yox, bir çox məsələlər yalnız böyük mübahisələrdən sonra öz həllini tapırdı.

Bu dəfə kommersiya məsələlərində də böyük irəliləyiş oldu. Kontrakt bağlanana qədər yatağa sərf ediləcək vəsaitin, ümumi kapital qoyuluşunun həcmi təxmini də olsa dəqiqləşdirildi, digər iqtisadi məsələlər, o cümlədən gəlirin bölünməsi prinsipi ümumən razılaşdırıldı.

Lakin 1992-ci ildə Azərbaycanda hakimiyyətin dəyişməsi “Azəri” yatağı üzrə xarici şirkətlərlə müqavilənin imzalanmasını təxirə saldı. Həmin ilin sentyabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ, 2015-ci ildən - SOCAR) yaradıldı və xarici şirkətlərlə danışıqlar davam etdirildi. 1992-ci ilin sonlarında “Azəri” yatağı üzrə danışıqların predmetinə Xəzərin Azərbaycan sektorundakı “Çıraq” yatağı da əlavə edildi. “Amoko”, “Penzoyl” və BP şirkətləri ilə yanaşı layihəyə Türkiyənin “Türk Petrolları Anonim Ortaq” şirkəti də (“TPAO”) cəlb edildi. Lakin 1993-cü ilin iyun ayında imzalanması nəzərdə tutulan müqavilə yenə təxirə salındı.

1993-cü il iyunun 15-də xalqın tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə gəlmiş ulu öndər Heydər Əliyev ağır iqtisadi və siyasi vəziyyətə düşmüş respublikanı fəlakətdən xilas etmək üçün neft sənayesinin bərpası və inkişafı ilə yaxından məşğul olmağa başladı.

O vaxt “Azəri”, “Çıraq”, ”Günəşli” (dərinsulu hissə) yataqları ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım idi: ya ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin düzəlməsi üçün 30-40 il gözləmək, ya da xarici neft şirkətlərini dəvət etmək. Bizim uzun illər gözləməyə daha nə vaxtımız, nə də imkanımız var idi. Respublikanın sosial-iqtisadi vəziyyəti çox gərginləşmişdi. Ölkənin neft-qaz sənayesi də dərin böhran içində idi. Buna görə də təcili tədbirlər görülməliydi. Digər tərəfdən, xarici neft şirkətləri ilə işbirliyinin qurulması zamanın tələbi idi və beynəlxalq praktika bunun üstünlüklərini geniş şəkildə nümayiş etdirirdi. Məsələ ondadır ki, dənizdə neft hasilatı riskli və böyük sərmayə qoyuluşu tələb edən işdir. Buna görə də dünyanın hətta ABŞ, Böyük Britaniya, Fransa kimi qüdrətli dövlətləri də bu məsələdə hasilatın pay bölgüsü prinsipi əsasında əlbir işləməyə, beləliklə də riskləri mümkün qədər azaltmağa çalışırlar. Azərbaycan da bu praktikadan səmərəli şəkildə istifadə edə bilərdi və etməli idi. Lakin xarici neft şirkətlərinin ölkəmizə sərmayə qoymasına qarşı çıxan qüvvələr də mövcud idi. Bu qüvvələr həm respublikanın özündə, həm də xaricdə fəaliyyət göstərirdilər. Buna görə də Azərbaycan Prezidenti neftçi mütəxəssisləri ətrafına toplayıb onlarla məsləhətləşdi. Prezidentin və neftçilərin fikirləri üst-üstə düşdü. Xarici neft şirkətlərini ölkəmizə dəvət etmək qərara alındı. Beləliklə də Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasına start verildi. Xarici şirkətlərlə danışıqlar bərpa olundu.

Danışıqlar 1994-cü ilin martında Bakıda başlandı, sonra Türkiyənin İstanbul şəhərində davam etdirildi. Danışıqların həlledici mərhələsi Amerikanın Hyuston şəhərində keçirildi. Buradakı danışıqlarda “Azəri” və “Çıraq” yataqları ilə yanaşı layihəyə “Günəşli” yatağının dərinsulu hissəsini də qoşmaq qərara alındı. Hyustonda 1994-cü il iyulun 21-dən sentyabrın 4-dək 45 gün ərzində aparılan danışıqlarda kəskin dramatik məqamlar az olmadı. Danışıqlar ağır gedirdi. Tərəflərin hər biri öz mövqeyini, öz mənafeyini qoruyurdu. Bəzən iş o yerə çatırdı ki, ya qarşı tərəf, ya da Azərbaycan tərəfi danışıqları tamamilə dayandırmaq fikrinə düşürdü. Bir dəfə qarşı tərəf şərt qoydu ki, Azərbaycan Rusiya ilə danışıb, Xəzər dənizinin hüquqi statusunu həll etməsə, danışıqlar davam etdirilməyəcək. Təsəvvür edirsinizmi, bu nə demək idi? Məlum olduğu kimi, Rusiya ilə bu məsələ Prezident Heydər Əliyevin səyi nəticəsində yalnız 2002-ci ildə həll edildi. Deməli, 1994-cü ildə Amerikanın Hyuston şəhərində danışıqlar dayandırılsaydı, biz yeddi-səkkiz il gözləməli olacaqdıq. Nümayəndə heyətimizin üzvü, o vaxt Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici əlaqələr üzrə vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyev qarşımıza qoyulmuş şərt barədə ulu öndərimizə məlumat verdi, onun göstərişi ilə Vaşinqtona uçdu, orada çox faydalı görüşlər keçirib, məsələni yoluna qoydu.

Nəzərə almaq lazımdır ki, o vaxt müstəqillik yoluna təzəcə qədəm qoymuş Azərbaycanda neftçi mütəxəssislərin xarici şirkətlərlə danışıqlarda kifayət qədər təcrübəsi yox idi. Lakin Moskvada Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, alimlik elmi dərəcəsi almış və sonra da həmin institutda dərs demiş İlham Əliyevin ingilis dilini və beynəlxalq hüquq məsələlərini gözəl bilməsi, tərəfdaşlarımızla birbaşa ünsiyyət qurub, mürəkkəb vəziyyətlərdən çıxış yollarını tapmaq və gərginliyi aradan qaldırmaq məharəti Vaşinqtonda səlahiyyətli şəxslərlə görüşlərdə də özünü göstərdi.

Nəhayət, tərəflərin birgə işləmək, Xəzərin Azərbaycan sektorundakı zəngin neft və qaz yataqlarından ədalətlə bəhrələnmək istəyi üstün gəldi. 1994-cü il sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Xəzərin Azərbaycan sektorunda neft yataqlarının birgə işlənməsi haqqında xarici neft şirkətləri konsorsiumu ilə danışıqların yekunları barəsində” Fərmanı elan edildi. 1994-cü il sentyabrın 20-də isə Bakıda dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənməsinə və Hasilatın Pay Bölgüsünə dair sonralar “Əsrin müqaviləsi” kimi tanınan məşhur Saziş imzalandı. Saziş Azərbaycan Respublikası Milli Məclisinin 15 noyabr 1994-cü il tarixli qərarı ilə təsdiq olundu.

- Siz “Əsrin müqaviləsi”nin imzalanmasının Azərbaycan üçün əsas əhəmiyyətini nədə görürsünüz?

- “Əsrin müqaviləsi”nin Azərbaycan üçün çox böyük əhəmiyyəti oldu. Mən yalnız bir neçə əsas məsələni qeyd etmək istəyirəm.

Siyasi cəhətdən müqavilənin əhəmiyyəti ondadır ki, dünyanın aparıcı dövlət və şirkətləri bir daha əmin oldular: Azərbaycan müstəqil dövlət və etibarlı tərəfdaşdır, burada işləmək və bu ölkəyə sərmayə qoymaq olar. Heç təsadüfi deyil ki, bu saziş imzalandıqdan sonra xarici şirkətlərlə daha 35 saziş bağlandı.

Müqavilənin iqtisadi əhəmiyyəti isə odur ki, neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən - 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdı. Beləliklə, neft hasilatı 5,6 dəfə artdı.

Hazırda respublikada hasil edilən neftin və qazın əsas hissəsi “Azəri-Çıraq-Günəşli” yataqları hesabına əldə edilir. Artıq 20-ci ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları “mənfəət nefti”ndən gəlir əldə edirlər. 1999-cu ilədək neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf olunurdusa, həmin ilin dekabrından Azərbaycanın “mənfəət nefti” xarici bazarlara çıxarılır. 2019-cu il sentyabrın 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 287 milyon tona qədər “mənfəət nefti” satılmışdır ki, bu da AÇG üzrə indiyədək hasil edilmiş bütün neftin 58 faizi qədərdir. Mənfəət neftinin həcmi ilbəil artır.

“Əsrin müqaviləsi”nin ən böyük nailiyyətlərindən biri də odur ki, bu müqavilə yalnız AÇG yataqlarının işlənməsi ilə məhdudlaşmadı. Bu böyük layihənin törəmələri meydana gəldi ki, onların da birincisi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri oldu. “Əsrin müqaviləsi”nin övladı olan bu kəmər 2005-ci il may ayının 28-də istismara verildi, 2006-cı il iyulun 13-də isə onun rəsmi açılışı oldu.

İstəyirəm biləsiniz ki, əgər “Əsrin müqaviləsi” ümummilli liderimiz Heydər Əliyevin birinci şah əsəri idisə, Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri onun ikinci şah əsəri oldu.

Mən bir məsələni də qeyd etmək istəyirəm: vaxtilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri layihəsinin də əleyhdarları vardı. Amma indi baxın: 2019-cu il sentyabrın 1-dək dünya bazarlarına 554 milyon tona qədər Azərbaycan nefti çıxarılıb ki, bunun da 158 milyon tonu Bakı-Supsa, Bakı-Batum, Bakı-Novorossiysk kəmərləri və dəmiryolu ilə, 396 milyon tonu isə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilib. Əgər bu kəmər olmasaydı, bu qədər nefti dünya bazarlarına biz necə aparıb çıxara bilərdik?!

- “Əsrin müqaviləsi” 30 il müddətinə imzalanmışdı və 2024-cü ildə başa çatacaqdı. Lakin, bildiyimiz kimi, müqavilə 2050-ci ilə qədər uzadıldı. Bəs bu qərarın qəbul olunması necə baş verdi?

- “Əsrin müqaviləsi” başa çatdıqdan sonra nə olacaq?” - bu sual həm bizi, həm də xarici tərəfdaşlarımızı düşündürürdü. Qarşımızda bir neçə variant var idi.

Birinci variant BP şirkətinin operatorluq etdiyi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə əməkdaşlığı davam etdirmək idi. İkinci fikir o idi ki, bəlkə biz başqa xarici şirkətlətlə əməkdaşlığa gedək, onlarla müqavilə bağlayaq. Üçüncüsü də o idi ki, 2024-cü ildən sonra AÇG-ni özümüz işlədək.

Bu variantların hər biri dönə-dönə təhlil edildi. Sonda biz BP şirkəti və onun tərəfdaşları ilə işin təklif etdiyimiz kommersiya şərtləri əsasında davam etdirilməsini üstün tutduq. Ona görə ki, 1994-cü ildən AÇG-də işləyən BP və onun tərəfdaşları bu yataqlara, onların xüsusiyyətlərinə dərindən bələd olmuşdular. BP ilə məsləhətləşmələr, danışıqlar aparıldı. Onlar da əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını bildirdilər. Danışıqlarımız 2017-ci il sentyabrın 14-də Bakıdakı Heydər Əliyev Mərkəzində “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsi haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş müqavilənin imzalanması ilə nəticələndi. Bu kontrakt “Əsrin müqaviləsi”nin ömrünü 2050-ci ilə qədər uzatdı. Yeni müqavilədə Azərbaycan üçün olduqca sərfəli şərtlər müəyyən edilib. Bu barədə artıq hər kəs məlumatlıdır.

- “Əsrin müqaviləsi”nin yubileyi və neftçilərin peşə bayramı günündə biz “Şahdəniz” epopeyasından da danışmaya bilmərik. Çünki “Əsrin müqaviləsi” olmasaydı, “Şahdəniz” də olmayacaqdı.

- “Şahdəniz” ulu öndərimiz Heydər Əliyevin üçüncü şah əsəridir. “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıtdısa, 1999-cu ilin iyununda ehtiyatları bu günə 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən bir ölkə kimi tanıtdırdı.

İşlənmənin əvvəlindən “Şahdəniz” yatağından 110 milyard kubmetrdən çox qaz və 27 milyon tona qədər kondensat hasil edilib. 2019-cu il sehtyabrın 1-dək “Şahdəniz-1” layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana 8,7 milyard kubmetr və Türkiyəyə 63 milyard kubmetr qaz verilib.

“Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycan qazının Avropaya nəql edilməsi və bu məqsədlə “Cənub Qaz Dəhlizi”nin çəkilməsi bizim müasir qaz epopeyamızın ən parlaq fəslidir. “Cənub Qaz Dəhlizi”nin açlışı 2018-ci il mayın 29-da Səngəçal terminalında oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu münasibətlə keçirilən təntənəli mərasimdəki nitqində dedi ki, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurlu icrası sayəsində ölkəmizin həyatında, neft-qaz sənayesinin inkişafında yeni dövr başlanır.

2018-ci il iyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın, Ukrayna, Serbiya, Şimali Kipr respublikaları rəhbərlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi”nin 2000 kilometrlik hissəsinin – TANAP adı ilə məşhur olan Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin təntənəli açılışı oldu. Beləliklə də, “Şahdəniz” qazının Cənubi Qafqaz ixrac boru kəməri və TANAP vasitəsilə Türkiyəyə nəqlinə başlandı. İndiyədək TANAP kəmərinə 2 milyard kubmetrdən çox “Şahdəniz” qazı vurulub.

2019-cu il iyulun 1-də isə TANAP Azərbaycan qazının Avropaya nəql edilməsi üçün tam hazır vəziyyətə gətirilib.

“Cənub Qaz Dəhlizi”nin növbəti mərhələsinin – TAP adı ilə tanınan Trans-Adriatik boru kəmərinin tikintisi də demək olar ki, tamamlanıb. 878 kilometr uzunluğunda kəmər Yunanıstan və Albaniyadan, Adriatik dənizinin dibindən keçəcək və İtaliya torpağında yenidən quruya çıxacaq, bu ölkələrə qaz nəql etməyə başlayacaq.

- Xoşbəxt müəllim, bizimlə bu möhtəşəm tarixi bölüşdüyünüz üçün sizə minnətdarlığımızı bildiririk.

- Bu tarixi hamının bilməsi vacibdir. Azərbaycan Respublikası və onun neft-qaz sənayesi “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 25 ildə əsrə bərabər bir inkişaf yolu keçib. Əminəm ki, bu böyük tərəqqi yolunda biz hələ çox qələbənin, yeni parlaq nailiyyətlərin şahidi olacağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə