Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığı müzakirə edilib

Azərbaycanda səfərdə olan Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Gürcüstan nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib.

SİA İqtisadiyyat Nazirliyinin məlumatına istinadən xəbər veir ki, Bakı Biznes Mərkəzində Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşən İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, qonşu və dost Gürcüstanla əlaqələrimiz bütün sahələrdə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycanla Gürcüstan beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər. Azərbaycanın Gürcüstanla iqtisadi əlaqələrindən danışan Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan Gürcüstanla əməkdaşlığın inkişafına böyük önəm verir və iki ölkə münasibətlərinin bütün istiqamətlərdə inkişafında maraqlıdır. Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji və nəqliyyat layihələrində fəal iştirak etməklə regional əməkdaşlığa töhfə verir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi enerji, Bakı-Tbilisi-Qars kimi qlobal əhəmiyyətli nəqliyyat layihələri bunun mühüm göstəriciləridir.
İqtisadi-ticarət əlaqələrinin inkişafı ikitərəfli münasibətlərin əsas prioritetlərindəndir. Ötən il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi artaraq 580 mln. dollara çatıb. 700-dən çox Azərbaycan şirkətinin Gürcüstanda uğurlu fəaliyyətini vurğulayan iqtisadiyyat naziri diqqətə çatdırıb ki, Azərbaycanda 300-dən artıq Gürcüstan şirkəti fəaliyyət göstərir. İndiyədək Azərbaycandan Gürcüstana 3,2 mlrd. ABŞ dolları investisiya yatırılıb və Azərbaycan şirkətləri qonşu ölkədə əsas vergi ödəyicilərindəndir.
Ölkələrimiz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Cənub-Qərb və digər beynəlxalq tranzit dəhlizlərinin inkişafında fəal əməkdaşlıq edir. Səmərəli əməkdaşlığın nəticəsidir ki, Azərbaycan və Gürcüstan ərazisindən keçən tranzit yükdaşımaların həcmi artır və birgə tədbirlərin həyata keçirilməsi yükdaşımaları daha da artıra bilər.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava ölkəmizə səfərindən məmnunluq ifadə edib. Gürcüstanlı nazir bildirib ki, Azərbaycan regionda və dünyada nüfuzlu dövlətdir və ölkəsi Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Natiya Turnava Azərbaycanın Gürcüstanla mühüm əhəmiyyətli regional və qlobal layihələrdə birgə iştirakını, Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına iri həcmli investisiyaların yatırıldığını qeyd edib. Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri qarşılıqlı sərmayə qoyuluşları üçün böyük potensialın olduğunu vurğulayıb, Azərbaycan şirkətlərinin Gürcüstanda həyata keçirilən layihələrdə iştirakı üçün imkanları diqqətə çatdırıb, iqtisadi-ticarət əməkdaşlığının inkişaf istiqamətlərı barədə fikirlərini bölüşüb.
Görüşdə ticarət, o cümlədən Azərbaycanın sənaye məhsullarının Gürcüstan bazarına daha geniş çeşiddə və həcmdə çıxarılması, qarşılıqlı investisiya qoyuluşu, birgə müəssisələrin yaradılması, kiçik və orta biznes subyektləri arasında əlaqələr, nəqliyyat-tranzit, alternativ və bərpa olunan enerji, turizmin təşviqi və müştərək turizm marşrutlarının yaradılması, biznes forum və işgüzar görüşlərin təşkili və s. məsələlər müzakirə olunub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə