Qəbələdə 37 kilometrlik 2 avtomobil yolu yenidən qurulub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qəbələ rayonunun Nic–Mıxlıqovaq–Yemişanlı–Uludaş–Tikanlı–Abrıx, həmçinin Böyük Əmili–Bılıx–Əmirvan avtomobil yollarının yolların yenidən qurulması işlərini yekunlaşdırıb. Avtomobil yollarının ümumi uzunluğu 37 kilometr təşkil edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən SİA-ya bildirilib ki, Qəbələ rayonunun Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx, həmçinin Böyük Əmilli-Bılıx-Əmirvan avtomobil yolları IV texniki dərəcəlidir. Yollar uzun illər istismar olunduğundan çoxlu sayda çalalar, çökmələr və qabarmalar əmələ gəlmişdir. Bu isə nəqliyyatın hərəkətində çətinliklərin yaranmasına səbəb olmuşdur. Yolların səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə olduğundan, torpaq yataqları atmosfer və qrunt sularının təsiri altında qalırdı, çiyinlərin eni yolun texniki dərəcəsinə uyğun gəlmirdi.

Sadalanan qüsurların aradan qaldırılması üçün AAYDA tərəfindən müvafiq addımlar atılıb. Yenidən qurulan yolların hərəkət hissələrinin eni genişləndirildikdən sonra 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.

Layihəyə uyğun olaraq, yolların mövcud örtüyü sökülərək kənara daşınıb, deformasiyaya uğramış hissələr qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülüb və kipləşdirilib, torpaq yataqları avtoqreyderlə profilə salınıb, lazımi hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından istifadə olunmaqla əsasların alt və üst layının tikintisi işləri görülüb. Bu işlər 200 min kvadratmetrdən çox sahəni əhatə edib.

Yenidənqurma işləri çərçivəsində yollarda süni qurğuların inşası və əsaslı şəkildə bərpası da aparılıb. Belə ki, yollar boyu mövcud avtomobil körpüləri və körpü məhəccərləri təmir edilib, yolun altından suların ötürülməsi üçün suötürücü borular bərpa olunub və müxtəlif diametrli 1,9 kilometr uzunluğunda metal və dəmir-beton suötürücü boruların, həmçinin 42 metr uzunluğunda su keçidlərinin inşası işləri görülüb.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işləri də aparılıb. Belə ki, əlaqələndirici bitum səpilməklə yol örtüklərinin alt və üst layları 12 santimetr hündürlüyündə iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilib. Həmçinin Böyük Əmili–Bılıx–Əmirvan avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Zalamçay üzərində yerləşən və 42 metr uzunluğa malik avtomobil körpüsü qəzalı vəziyyətə düşdüyü üçün əvəzinə 4 aşırımlı yeni körpü inşa olunub.

Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili üçün yollar boyu yol nişanları, siqnal dirəkləri və kilometr göstəriciləri quraşdırılıb, yolcizgi və yol göstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb.

Qeyd edək ki, başlanğıcını respublika əhəmiyyətli Ağdaş-Zarağan avtomobil yolundan götürən və 19 kilometrlik Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu 8 mindən artıq əhalinin yaşadığı 11 yaşayış məntəqəsini, başlanğıcını respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolundan götürən və 18 kilometrlik Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolu 10 mindən artıq əhalinin yaşadığı 8 yaşayış məntəqəsini əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...