Dünya dövlətlərinə Azərbaycanla Türkiyənin qardaşlıq münasibətləri bir örnəkdir

Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətləri hazırda bütün dünya dövlətlərinə örnəkdir. SİA xəbər verir ki, Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay bunu jurnalistlərə müsahibəsində deyib.

Türkiyə Respublikasının Vitse-prezidenti qeyd edib ki, ölkələrimizin siyasi, sosial və iqtisadi əməkdaşlığını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasındakı dostluq və qardaşlıq münasibətləri gücləndirir:
“Hər iki ölkənin prezidentləri qardaşlıq modeli yaradıblar. Azərbaycanın Baş Naziri Novruz Məmmədovla birgə mən bu gün prezidentlərimizin bizə göstərdikləri hədəflərə çatmaq üçün bir araya gəlmişik. Hədəfimiz Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır. Bu hədəfə çatmaqla hər iki dövlətin iqtisadiyyatını daha da inkişaf etdirə bilərik və bu hədəfin reallaşması üçün texniki baxımdan qarşıda çox böyük işlər var. Hər iki ölkənin iqtisadi komissiyası ilə 147 sahədə müxtəlif layihələrin reallaşması üçün razılığa gəldik. Əsas diqqət bu sahələr arasında ticarət sektoruna yönələcək. Azərbaycan ilə Türkiyə arasında hazırda ticarət dövriyyəsinin həcmi 3 milyard dollardan çoxdur”.
Vitse-prezident səfər çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun fəaliyyəti ilə tanış olduqlarını bildirib, eyni zamanda, Türkiyədə və Azərbaycanda investisiya yatırılacaq sahələri, idxal və ixracın artırılmasını müzakirə etdiklərini qeyd edib.
“Dəmir yolu sahəsində iki ölkə arasında birgə layihələrin həyata keçirilməsini planlaşdırırıq. Vaqon istehsalı, eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolunun daha səmərəli istifadəsini nəzərdə tuturuq. Həmçinin, Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərində logistik mərkəzlərin yaradılması da layihələrimizə daxildir. Turizm gəlirlərinin artırılması da bizim əsas hədəflərimizdəndir. Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) laboratoriyalarının yaradılmasını da biz, həmçinin nəzərdə tuturuq ki, bu da azərbaycanlı iş adamlarının öz məhsullarını dünyanın istənilən ölkəsinə ixrac etməsinə şərait yaradacaq”, - deyə F.Oktay nəzərə çatdırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...