Azərişıq” ASC elektrik enerjisi üzrə texniki itkini 2018-ci ildə 9,8 faizə endirib

2015-ci ildə "Azərişıq" ASC yaradılanda elektrik enerjisi üzrə texniki itki 13,9 faiz təşkil edirdi. 2016-cı ildə bu rəqəm 10 faizə, 2017-ci ildə 9,9 faizə, 2018-ci ildə 9,8 faizədək endirilib.

SİA xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, bu gün də "Azərişıq" texniki itkilərin azaldılması, uçot sisteminin təkmilləşdirilməsi, habelə dayanıqlı elektrik təchizat sisteminin təmin olunması üçün işləri davam etdirir. "Bunun üçün yenidənqurma işləri aparılır, ağac dayaqlar yeni dəmir-beton dayaqlarla əvəz olunur, eləcə də sayğaclar yenilənir. 2015-ci ildən bəri təxminən 1 milyon 200 minə yaxın abunəçi yeni sayğacla təchiz edilib. İlin sonuna qədər texniki itkilərin xüsusi çəkisinin daha 0,1-0,2, növbəti ildə isə 0,5- 0,7 faiz bənd azalmasına nail olacağıq", - deyə Tanrıverdi Mustafayev əlavə edib.

O qeyd edib ki, təmsil etdiyi qurum Azərbaycanın kəndlərində elektrik enerjisi sisteminin yenidən qurulması ilə bağlı layihələndirmə işləri də aparır: "Son 4 ildə 400 kənddə, cari ilin 8 ayında isə 65 kənddə (0,4 kVt-luq şəbəkələrdə) yenidənqurma işləri aparılaraq, ümumilikdə, 350 min istehlakçının elektrik enerjisi təchizatının 24 saat dayanıqlığı və keyfiyyəti tam təmin olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə