“Xəzər beşliyi”nin iqtisadiyyat nazirləri Həştərxanda görüşəcək

Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İranın iqtisadiyyat nazirlərinin beştərəfli görüşü II Xəzər İqtisadi Forumuna hazırlıq işləri çərçivəsində Həştərxanda keçiriləcək. Həştərxanda çıxan “Volqa” qəzetində yer alan məlumata görə, bu barədə Rusiya İqtisadi İnkişaf nazirinin müavini Mixail Babiç regiona səfəri zamanı məlumat verib. Babiç deyib: “Həştərxan vilayəti Xəzər regionunda fəaliyyətimizin paytaxtına çevrilir. Bu, Rusiyada çox mühüm fəaliyyət formatıdır. Gələn il nəzərdə tutmuşuq ki, Həştərxanda Xəzər regionunun iqtisadiyyat nazirlərinin görüşünü keçirək”.

Nazir müavini bildirib ki, görüş II Xəzər İqtisadi Forumundan əvvəl keçiriləcək. “Hazırda hökumətin sərəncamının layihəsi hazırlanır və buna müvafiq olaraq, Həştərxan həmin tədbirin paytaxtı təyin edilib. Bu isə o deməkdir ki, Həştərxan həm kommunikasiyalar, həm də infrastruktur nöqteyi-nəzərindən bu bazarda RF-nin qapıları funksiyalarını yerinə yetirən regiondur”, - deyə Babiç əlavə edib.

Avqustun 12-də RF-nin Baş Naziri Dmitri Medvedev növbəti Xəzər İqtisadi Forumunu Həştərxanda keçirmək təşəbbüsü ilə çıxış edib. Bu tədbir razılaşmaların reallaşdırılması və Xəzərdə əməkdaşlığın daha da möhkəmləndirilməsi prosesində mühüm addım olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə