Əhalinin sosial müdafiəsi daha da gücləndirilir

Yeni qanunla pensiyanın minimum məbləğinin 200 manata çatdırılması 660 min nəfər pensiyaçını əhatə edəcək

Ölkəmizdəki iqtisadi sabitləşmə öz yerini sosial sahədə ciddi dəyişikliklərə verir. İqtisadiyyatda həyata keçirilən köklü islahatlar bu sferada dinamik və davamlı inkişafı təmin etməklə bərabər, əhalinin sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılmasına geniş imkanlar açıb. İqtisadi inkişaf və maliyyə imkanlarının çoxalması sosial problemlərin həlli istiqamətində, ardıcıl olaraq, islahatların aparılması ilə müşayiət olunmaqdadır. Son 16 ildə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, sosial müdafiə sisteminin möhkəmləndirilməsi, bu sahədə mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində xeyli işlər görülüb. Bütün kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi və yoxsulluğun aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsini verib. Pensiyaçıların, təqaüdçülərin, əlillərin, şəhid ailələrinin, milli qəhrəmanların ailələrinin, qaçqın və məcburi köçkünlərin, digər sosial kateqoriyaların sosial müdafiəsi ilə bağlı çoxlu sayda hüquqi aktların qüvvəyə minməsi bu sahədə ciddi dəyişikliyə səbəb olub. Həmçinin, əməkhaqlarının və aztəminatlı ailələrə verilən müavinətlərin artırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilib. Bütün bunlarla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzaladı. Fərmana əsasən, fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilərək, Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənildi. Bu, ikitərəfli addım idi - vətəndaşla bank arasında etimad mühiti bərpa olundu, eyni zamanda, məhkəmə çəkişmələri vətəndaşın xeyrinə həll edildi.19 fevral 2019-cu il tarixli Fərman isə, istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərindən ibarət 350-400 min insanın mənafelərinin təmin olunmasına xidmət etməklə, Azərbaycanın sosialyönümlü dövlət siyasətinin əsasında humanizm prinsipləri dayandığının növbəti təsdiqi oldu.

İKİNCİ SOSİAL PAKET, ÜMUMİLİKDƏ, 750 MİNDƏN ÇOX VƏTƏNDAŞIN PENSİYASININ CİDDİ ŞƏKİLDƏ ARTMASINA İMKAN VERİB

Prezident İlham Əliyevin cari ildə təqdim etdiyi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların atılmasını təmin edən sosial islahatlar paketində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, bu məqsədlə pensiya artımı xüsusi yer tutur. Belə ki, bundan əvvəl minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı və həmin artım 233 min vətəndaşı əhatə etmişdi. Prezident İlham Əliyevin təsdiqlədiyi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə əmək pensiyasının minumum məbləği 2019-cu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq. Məlumdur ki, dövlət başçısı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli Qanununun tətbiqi və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli Fərmanında dəyişiklik edilməsi haqqında" 14 avqust 2019-cu il tarixli Fərman imzalayıb.Minimum pensiya artımı 660 min, əməkhaqlarının artımı isə xüsusi şərtlərlə pensiya təyin edilmiş 94 min şəxsin pensiyasının artmasına imkan verib. Bununla da, dövlət başçısının sosial islahatlar paketinin tərkib hissəsi kimi, ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artırılmış olur. Digər tərəfdən, yeni məbləğlə ölkəmizdə minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələməsi təmin edilir. Həmçinin, minimum pensiyanın alıcılıq qabiliyyəti baxımından, Azərbaycan MDB-də ilk yeri tutmuş olur.

APARILAN İSLAHATLAR PLANLI, AZƏRBAYCAN DÖVLƏTİNİN SOSİAL-İQTİSADİ İNKİŞAFINA, DÖVLƏT BÜDCƏSİNİN İMKANLARINA UYĞUN OLARAQ GERÇƏKLƏŞİR

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanunda əksini tapan digər tapşırığa uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək. İndeksləşdirilmə həmin pensiya kapitallarının artımına imkan verəcək ki, bu da, sığortaolunanların gələcəkdə yüksək pensiya məbləğləri ilə təminatı üçün mühüm önəm kəsb edir.Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamları ilə dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, hüquq- mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşları, xüsusi rütbəli şəxslər və digərlərinin əməkhaqları ciddi şəkildə artırılıb ki, bu da, qanunvericiliyə əsasən, xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının da gələn aydan orta hesabla 31 faiz artmasına səbəb olacaq. Həmin şəxslərin çalışdıqları sahələr üzrə əmək haqlarının artımı ilə əlaqədar qanunvericiliyə əsasən, onların əmək pensiyaları da yenidən hesablanaraq artırılır. Beləliklə, dövlət başçısı tərəfindən cari ildə təqdim edilən ikinci sosial paket, ümumilikdə, 750 mindən çox vətəndaşın pensiyasının ciddi şəkildə artmasına imkan verib ki, bu da ümumən əhalinin sosial müdafiəsinin gücləndirilməsində daha bir mühüm bir addımdır. Aparılan islahatlar planlı, Azərbaycan dövlətinin sosial- iqtisadi inkişafına, dövlət büdcəsinin imkanlarına və hazırlanan proqramlara uyğun olaraq gerçəkləşir. Bu, bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə