Şəmkir-Bayramlı avtomobil yolu yenidən qurulur

Şəmkir rayonunun Şəmkir–Zəyəm–Düyərli–Şiştəpə–Bayramlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq yenidənqurma işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, hazırda avtomobil yolu 3 istiqamət üzrə əsaslı şəkildə yenidən qurulur. Bu 20 kilometr uzunluğa malik yerli əhəmiyyətli Şəmkir-Zəyəm-Düyərli, həmçinin 7,9 kilometrlik Zəyəm-Şiştəpə və 5 kilometrlik Bayramlı avtomobil yollarıdır.

Məlumata əsasən, Şəmkir-Zəyəm-Düyərli-Şiştəpə-Bayramlı avtomobil yolu üzərindəki Zəyəm qəsəbəsində 1,3 kilometr uzunluğunda yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür.

Layihə üzrə sözügedən hissədə - Qanlı Qobu çayı üzərində 36,3 metr uzunluğunda olan 2 aşırımlı və Cəyirçay üzərində 54,3 metr uzunluğa malik 3 aşırımlı körpülərin əsaslı şəkildə təmiri də nəzərdə tutulub.

Analoji işlər yolun IV texniki dərəcəli 7,9 kilometrlik Zəyəm-Şiştəpə və 5 kilometrlik Bayramlı hissələrində də aparılır. Belə ki, mövcud örtük mexanizmlə sökülüb, yolun normativ eninin alınması və deformasiyaya uğramış torpaq yatağının qazılmış hissələrinin doldurulması üçün xüsusi qrup qrunt tökülərək yayılıb və kipləşdirilib, yeni yol yatağı inşa edilib. Yollar boyu layihədə nəzərdə tutulmuş qarışıqlardan yol əsasının inşası işləri aparılır.

Tikinti işlərinin sonuncu mərhələsində 14 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün yollar boyu 158 yol nişanı, 1440 siqnal dirəkləri, həmçinin 66 kilometr göstəricisi quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkiləcək.

Bayramlı avtomobil yollarının yenidən qurulması ilə 85 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşacaq, vətəndaşlar rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə edəcək, yük və sərnişin daşıması xeyli asanlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə