Müasir turizm infrastrukturu Azərbaycana turist axınını gücləndirir

Müstəqilliyini bərpa etdikdən sonra yeni ictimai-iqtisadi inkişaf yoluna qədəm qoyan, açıq bazar iqtisadiyyatı sisteminin tələbləri əsasında inkişaf edən Azərbaycan beynəlxalq aləmə inteqrasiya prosesləri çərçivəsində dünya dövlətləri ilə iqtisadi əlaqələrini genişləndirir. Ölkəmizdə bu əlaqələrin bir qolu olan beynəlxalq turizm münasibətlərinin inkişafı istiqamətində də təqdirəlayiq işlər görülmüşdür. Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Dünya təcrübəsi göstərir ki, turizm inkişaf etmiş regionlarda dövlət və əhali gəlirlərinin 30%-ə qədəri turizm fəaliyyəti ilə bağlıdır. Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi istiqamətində əldə olunan irəliləyişlər bu gün ölkəmizi dünyada tanıda bilib.
Azərbaycan xarici və yerli turistlərin istirahətinin təşkili üçün hər cür imkanlara malikdir. Yanar dağ, çoxsaylı şirin su gölləri, dağ çayları, şəlalələr, palçıq vulkanları, mineral və termal sular, müalicəvi Naftalan nefti, əlverişli iqlim, əsrarəngiz təbiət, Xəzərin qumlu çimərlikləri, tarixi, dini, zəngin mədəni abidələr hər ölkəyə nəsib olmur. Bunların hesabına Azərbaycanı dünyanın inkişaf etmiş turizm ölkələrindən birinə çevirmək mümkündür.
Turizm hər il dünyada 1,5 trilyon dollar gəlir gətirir. Bunu nəzərə alaraq, Azərbaycanda da bu sahənin inkişafına son illər xüsusi diqqət yetirilir. Sovet hakimiyyəti illərində, respublikada turizm məhdud biznes sahəsi kimi, yalnız Bakı şəhərində və Abşeronda inkişaf etsə də, Azərbaycanın ayrı-ayrı bölgələrində bu sahəyə diqqət yetirilmirdi. Bu gün isə, demək olar ki, Azərbaycanın bütün bölgələrində çoxsaylı turizm obyektləri tikilib istifadəyə verilmiş, müasir infrastruktur yaradılmışdır.

BEYNƏLXALQ TURİZM BAZARINA İNTEQRASİYASI MİLLİ TURİZMİN RƏQABƏTƏ DAVAMLILIĞINI YÜKSƏLDİB

Turizmin inkişafına dair dövlət proqramları ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi və turizm sahəsinin inkişafını daha da təmin etmiş oldu. Ölkəmizdə turizmin inkişafına münbit şərait yaradıldı, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyuldu və milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəldi. Bu gün Azərbaycanın turizm imkanları dünyada tanıdılır. Hər bir regionun milli koloriti təbliğ olunur. Xarici dövlətlərdə Azərbaycanın müxtəlif və zəngin folkloru, mətbəxi və ənənələri ilə yaxından tanış olurlar. Ölkəmizdə turizmin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyi mərhələdə Azərbaycan turistlər üçün cəlbedici məkan olaraq diqqətdədir.
Azərbaycanın son illər bir sıra beynəlxalq mədəni-kütləvi tədbirlərə ev sahibliyi etməsi də, buraya xaricdən istirahətə gələnlərin sayını dəfələrlə artırıb. Qonaqlar tədbirlərdə iştirak etməklə yanaşı, ölkənin müxtəlif məkanlarındakı müasir turizm obyektlərində dincəlir, tarixi abidələri ilə tanış olur və əsrarəngiz təbiətini seyr edirlər.
Ölkəmizdə yay turizmi ilə yanaşı, qış turizm bazasının yaradılması, mövsümlük anlayışını aradan qaldırmaqla, davamlı turizmə nail olmağa şərait yaratdı. Belə ki, turizm sahəsində məqsədli şəkildə həyata keçirilən layihələr qış turizminin inkişafına da yeni yollar açdı. "Şahdağ" Qış-Yay Turizm Kompleksinin yaradılması Azərbaycanın qış turizminin inkişafında uğurlara gətirib çıxardı. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə "Şahdağ" Milli Parkının ərazisində yerləşən "Şahdağ" Qış-Yay Turizm Kompleksi müasir tələblərə cavab verir. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, "Şahdağ" Qış-Yay Turizm Kompleksinə çəkilən avtomobil yolu genişləndirilmiş, yeni körpülər salınmış, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilmiş və digər müvafiq işlər görülmüşdür. Kompleksin ərazisi ekoloji təmizliyi, flora və faunasının zənginliyi ilə seçilir. Turizm obyekti dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdədir. Turizm kompleksinin əsas hissəsi isə, dəniz səviyyəsindən 1440-1640 metr yüksəklikdəki yaylaqda yerləşir. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən biri olan "Şahdağ" Qış-Yay Turizm Kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir. Bu layihənin reallaşdırılması respublikamızda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açmışdır. Azərbaycan tarixində ilk dağ-xizək kurortu olan "Şahdağ" Qış-Yay Turizm Kompleksinə daxil olan "Qaya" və "Zirvə" mehmanxanalarının açılışı turistlərin istirahətinə geniş imkanlar açdı. "Zirvə" otelində - 40 nömrə, personal üçün 3 otaq, restoranlar, bar, kafe, pab, bilyard zalı, mağazalar, konfrans zalı, xizək avadanlıqlarının icarəsi, xizək məktəbi, tibb məntəqəsi, avtomobil dayanacağı və sair obyektlər mövcuddur. Hər il "Şahdağ" Turizm Mərkəzini minlərlə çox turist ziyarət edir. Şahdağ ideal məkan olduğundan, buraya üz tutan turistlərin sayı ilbəil durmadan artır.

BU İL ÖLKƏMİZƏ 365 MİN ƏCNƏBİ QONAQ SƏFƏR EDİB

Ölkəmizə gələn turistlərin sayı ilbəil artır. 2019-cu ilin iyul ayında Azərbaycana 365 min əcnəbi qonaq səfər edib ki, bu da 2018-ci ilin iyul ayına nisbətdə 10,6 faiz artım deməkdir.
Dövlət Turizm Agentliyindən bildirilib ki, qonaqların üçdə birindən çoxunu, yəni 35 faizini Rusiyadan gələnlər təşkil edib. Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 11 min və ya 10 faiz çox qonaq deməkdir.
İyul ayı üzrə ən böyük artım Gürcüstandan gələnlər arasında müşahidə olunub. Belə ki, ötən ilin eyni ayı ilə müqayisədə qonşu ölkədən Azərbaycana 12 min və ya 26 faiz daha çox xarici vətəndaş gəlib. Bununla da iyul ayında Gürcüstandan gələnlərin sayı 61 min nəfər təşkil edib.
Səudiyyə Ərəbistanından səyahət edənlərin sayı 25 faiz artaraq, rekord həddə - 29 minə çatıb.
Cari ilin yanvar-iyul aylarında Azərbaycanı 1,8 milyon xarici səyahətçi ziyarət edib ki, bu da, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 122 min və ya 7,4 faiz çoxdur.
Ən böyük artım 76 min və ya 23 faiz daha çox xarici qonaqla Gürcüstandan gələnlərin sayında müşahidə olunub.
Mərkəzi və Cənubi Asiyadan gələn səyahətçilərdə də, müvafiq olaraq, 39 faiz və 44 faiz artım qeydə alınıb. Ən yaxşı turistik bazarlar sayılan Rusiya və Türkiyədən gələnlərin sayı 4 faiz artıb. Qeyd edək ki, Türkiyə vətəndaşlarına ölkəmizə səfər üçün viza tələb olunurdu. 2019-cu il sentyabrın 1-dən Türkiyə vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər. Viza rejiminin ləğvi ölkələr arasında turizm səfərlərinin sayının artmasına səbəb olacaq.
Bu gün artıq "ASAN Viza" vasitəsilə turistlər Azərbaycana maneəsiz gələ bilirlər. Bu sistem vasitəsilə Azərbaycana səfər edən ölkələrin siyahısı genişlənməkdədir. Sadələşdirilmiş viza sisteminin tətbiqi mövcud turist axınına müsbət təsirini göstərib. Göründüyü kimi, dövlətin turizmə yaxından diqqəti və qayğısı bu sahənin inkişafına zəmin yaradır. Məhz dövlət büdcəsinin 2025-2030-cu illərə kimi turizm sektorunun inkişafı hesabına genişləndirilməsi nəzərdə tutulur.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...