FAO Azərbaycanda yeni layihənin icrasına başlayır TƏDBİR

Birləşmiş Millətlər Təşkilatınn Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bu gün Azərbaycanda veterinar diaqnostika da daxil olmaqla heyvan xəstəliklərinə nəzarətin təkmilləşdirilməsi üçün milli potensialın gücləndirilməsi sahəsində yeni layihəyə start verir. SİA xəbər verir ki, layihənin məqsədi endemik və ekzotik transsərhəd heyvan xəstəliklərinin qarşısının alınması, diaqnostikası və erkən təsbiti üçün Azərbaycanın müvafiq qururmlarının potensialının artırılmasıdır.

Layihənin əsas dövlət tərəfdaşları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Milli Referans Laboratoriyası, Regional Sınaq Laboratoriyaları və Kənd Təsərrüfatı Nazirliyinə tabeli qurum olan Aqrar Xidmətlər Agentliyidir.

Azərbaycanda FAO Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Xanım Mələk Çakmak, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Cənab Qoşqar Təhməzli, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, müvafiq beynəlxalq və yerli təşkilatlar və FAO-nun Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə ofisinin əməkdaşı tədbirdə iştirak edəcəklər.

Layihə ümumilikdə ölkədə heyvan sağlamlığı və eləcə də insan sağlamlığı, qida təhlükəsizliyi və kənd təsərrüfatı məhsullarının rəqabətliliyinin yaxşılaşmasına töhfə verəcəkdir. Milli Referans Laboratoriyası və 6 Regional Sınaq Laboratoriyalarının əməkdaşları və eləcə də bir sıra özəl və dövlət orqanlarında fəaliyyət göstərən baytarlar beynəlxalq və yerli mütəxəssislər tərəfindən veriləcək müxtəlif sahələrdə (nümunələrin yığılması, daşınması, risk əsaslı nəzarət və xəstəlik hallarının təsbiti) təlimlərə cəlb ediləcəklər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə