Kəngərlidə əsas kapitala 18 milyon manatdan çox vəsait yönəldilib

Bu ilin yanvar-iyun aylarında muxtar respublikanın Kəngərli rayonunda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 18 milyon 385,4 min manat investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın dəyəri bir il öncəyə nisbətən 1,8 faiz artaraq 17 milyon 418,9 min manat təşkil edib. SİA xəbər verir ki, bu faktlar Kəngərli Rayon İcra Hakimiyyətində yarım ilin yekunlarına həsr olunan müşavirədə səsləndirilib.

Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov qeyd edib ki, 6 ayda Qabıllı kəndində 2 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası, rayon mərkəzində 48 mənzilli yaşayış binası, Yurdçu kəndi ərazisində 59 hektar sahəni əhatə edən yeni qapalı suvarma şəbəkəsi, Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün 44 mənzilli yeni yaşayış binası, hərbçi ailələri və sakinlər üçün yeni istirahət parkı istifadəyə verilib.

“Cari ilin ötən dövrü ərzində rayonda 9 milyon 941,6 min manatlıq sənaye məhsulu istehsal olunub. Bu da keçən ilin müvafiq dövründəki göstəricidən 0,9 faiz çoxdur”, - deyə K.Ələkbərov bildirib. Qeyd edib ki, hesabat dövründə 5 milyon 114,4 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu da ötən ilin eyni ayları ilə müqayisədə 2,5 faiz artım deməkdir.

Vurğulanıb ki, yarım ildə yaşıllaşdırma tədbirləri də davam etdirilib, 12 hektar sahədə meşəsalma, 4 hektar sahədə meşəbərpa işləri aparılıb, 5 min 240 ədəd ting salınıb.

Kəngərli rayonunda həyata keçirilən məşğulluq tədbirləri haqqında məlumat verən İcra Hakimiyyətinin başçısı bildirib ki, rayonda 122 işaxtaran vətəndaş qeydə alınıb, 124 nəfər işlə təmin olunub. Bir nəfər ictimai işə, 10 nəfər peşə təlimi kurslarına göndərilib. Bir əmək yarmarkası keçirilib, 36 nəfər işlə təmin olunub.

Diqqətə çatdırılıb ki, rayonun idarə, müəssisə və təşkilatlarında, eyni zamanda, qəsəbə və kəndlərdə yoxlamalar keçirilib, aşkar edilən nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görülüb.

Sonra məruzə ətrafında çıxışlar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...