"Tarixi abidələrimizin beynəlxalq miqyasda tanınmasının üstünlükləri var" - ÖZƏL

“Azərbaycanda tarixi-mədəni abidələrin beynəlxalq miqyasda tanınması və qiymətləndirilərək qeydə alınması ölkəmiz üçün iqtisadi cəhətdən sərfəli və faydalıdır”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

Ölkəmizdə turizmin inkişafına böyük diqqət yetirildiyini deyən ekspert söyləyib ki, Şəki Xan Sarayının UNESCO Ümumdünya İrs Siyahısına salınması kimi hadisələrin bu mənada əhəmiyyəti olduqca böyükdür.

Onun sözlərinə görə, turizm təkcə xidmət sektorunu inkişaf etdirməyi tələb etmir: “Həmçinin, tarixi-mədəni abidələrimizin təbliği, ölkəmizin zəngin keçmişə malik olduğunu olduğu kimi təqdim etmək və sair də bunun tərkib hissəsidir. Bu mənada, ölkəyə gələn turistlərin maraqlarının təmini və onların buradakı istirahətlərinin təşkili proqramlarının mükəmməlliyi baxımından məsələnin məhz bu tərəfinə diqqət yetirmək tələb olunur”.

P. Heydərov qeyd edib ki, bu baxımdan tarixi abidəmizin beynəlxalq təşkilatın siyahısına salınması ölkəmizdə turizmin gələcək inkişafı üçün yeni perespektivlər açmaqla yanaşı, nəticə etibarı ilə yeni gəlir mənbəyi yaradır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə