FAO-nun Roma ofisinin nümayəndələri “Yaşıl çay” fermer təsərrüfatında olublar - FOTOLAR

İyunun 26-da BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Roma ofisinin baş iqtisadçısı Dmitriy Prixodko, iqtisadçı Aleksandra Sokolova, FAO-nun Azərbaycan üzrə nümayəndəsi Rəşad Hüseynov və yerli ekspert Elçin Hüseynov “Yaşıl çay” fermer təsərrüfatında olublar. SİA-nın Cənub bürosunun məlumatına görə, qonaqları salamlayan təsərrüfatın rəhbəri Araz Yağubov təşkilatın fəaliyyəti barədə onlara ətraflı məlumat verib.

Bildirib ki, təsərrüfat daim yeniliklərə can ataraq bir sıra ilklərə imza atıb. Çayçılığı inkişaf etdirmək üçn birinci növbədə heyvandarlığa sərmayə qoyulub. Buradan əldə edilən vəsait isə çayçılığın inkişafına yönəldilib. Məqsədyönlü iş öz bəhrəsini verib. Artıq təsərrüfatın 70 ha çay sahəsi var. Bunun 50 hektarında yaşıl çay yarpağı yığılır. Toplanan məhsul müəssisənin nəzdindəki mini fabrikdə emal edilərək qablaşdırılır. Araz Yağubov onu da əlavə edib ki, kiçik və orta sahibkarlığın ayaqda durması üçün təsərrüfatın nəzdində kiçik emal sexlərinin olması vacib şərtlərdəndir. Bu da yeni yaradılan təsərrüfatı iri müəssisələrin qiymət siyasətindən mühafizə edir. Təsərrüfat rəhbəri qarşılıqlı fikir mübadiləsi zamanı dünya təcrübəsinə əsaslanaraq tətbiq etdiyi yeniliklərə, istehsal etdiyi 35-ə yaxın çay növünün ekoloji normalara cavab verdiyini diqqətə çatdırıb, onların suallarını cavablandırıb, gələcək planlarından danışıb.

Gördüklərindən məmnunluqlarını gizlətməyən qonaqlar ərzaq istehsalı ilə məşğul olan kiçik və orta sahibkarlarla əməkdaşlıqda maraqlı olduqlarını qeyd ediblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə