"Azərbaycan müasir dövrün çağırışlarına uyğun inkişaf edir" RƏY-ÖZƏL

“Hazırda qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet sahələrindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlar qısa müddətdə özünün müsbət nəticələrini göstərir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, deputat Mirkazım Kazımov deyib.

O bildirib ki, Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və gərgin əməyi ilə həm keçmiş sovetlər dönəmində, həm də müstəqillik əldə olunduqdan sonra bütün sahələrdə olduğu kimi aqrar sahədə də ciddi islahatlar aparılıb, resurslardan səmərəli və məqsədyönlü istifadə təmin olunub, sahənin dayanıqlı inkişafı üçün möhkəm baza yaradılıb. “Əsası Ümummilli Lider tərəfindən qoyulmuş və hazırda cənab Prezident tərəfindən davam etdirilən uğurlu aqrar siyasət nəticəsində kənd təsərrüfatı ölkə iqtisadiyyatında xüsusi yerə sahib olub. Qeyri-neft sektorunda mühüm yeri olan aqrar sahənin inkişafı istiqamətində mühüm addımlar atılır. Bu sahəyə sərmayə qoyuluşu artır, güzəşt və təşviq mexanizmi genişləndirilir. Kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, bütün digər vergilərdən azad edilib. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət tərəfindən subsidiyalar ayrılır. Yeni texnikaların alınması işi ilbəil genişlənir. Müasir aqro xidmət sahələri yaradılır. Fermerlərə güzəştli şərtlərlə gübrə, yanacaq, lizinqlə kənd təsərrüfatı texnikası və avadanlıqlar verilir. Güzəştli şərtlərlə verilən kreditlər hesabına istehsallar genişlənir, yeni aqrar istehsal sahələri yaranır. Aqrar sektora dövlət tərəfindən qoyulan investisiyalar, xüsusən son illərdə ilbəil artır”.

Deputat söyləyib ki, kənd təsərrüfatı ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həllində, xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır: “Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, valyuta axının qarşısının alınması, vətəndaşların keyfiyyətli və əlçatan kənd təsərrüfatı məhsulları ilə təminatı qarşıda duran əsas məqsədlərdən biridir. Azərbaycan Prezidenti tərəfindən 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi kənd təsərrüfatının inkişafına xidmət edəcək islahatlara sistem xarakteri verilməsi və onun yeni mərhələyə daşınmasına impuls verilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdi. Həmin sərəncamdan ötən dövr ərzində kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatlarının təşkili sahəsində və sair istiqamətlərdə xeyli işlər görülüb. Son illər kənd təsərrüfatının artım templəri ümumilikdə ölkə iqtisadiyyatının artım templərini xeyli üstələyir”.

M.Kazımov qeyd edib ki, bu gün ölkəmiz müasir dövrün çağırışlarına uyğun öz inkişafının yeni mərhələsinə keçid dövrünü yaşayır: “Bu mərhələdə xalqın güzəranının yaxşılaşdırılması və əhalinin bütün təbəqələrinin həyat keyfiyyətinin yüksəldilməsi üçün bütün sahələrdə sistemli demokratik islahatların həyata keçirilməsi obyektiv tələbata çevrilib. Hesab edirəm ki, həmin tədbirlər ixracın maksimum dərəcədə artmasına, kənd təsərrüfatının ölkəyə böyük valyuta gətirən sahəyə çevrilməsinə, kəndlərin simasının əsaslı surətdə dəyişməsinə və kənd əhalisinin güzəranının əhəmiyyətli dərəcədə yaxşılaşmasına gətirib çıxaracaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə