İrana gedən azərbaycanlıların sayı artıb Komitə

2019-cu ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,5 faiz artaraq 2065,9 min nəfər olub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, ölkə vətəndaşlarının 39,5 faizi İrana, 27,0 faizi Gürcüstana, 18,3 faizi Rusiya Federasiyasına, 9,8 faizi Türkiyəyə, 5,4 faizi isə digər ölkələrə gedib.

Gedənlərin 66,4 faizi kişilər, 33,6 faizi isə qadınlar olub. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 73,6 faiz, Gürcüstana gedənlərin sayı 10,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 5,6 faiz, Türkiyəyə gedənlərin sayı isə 0,1 faiz artıb.

Cari ilin yanvar-may aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 83,8 faizi dəmir yolu və avtomobil, 15,4 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə