Yeni çay sortları “Dövlət Proqramı"nın icrasında mühüm rol oynayacaq

“Çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində Azərbaycanda 2027-ci ilədək çay plantasiyalarının 3000 hektara, yaşıl çay yarpağı yığımının 8,5 min tona çatdırılması nəzərdə tutulur”.

Lənkəran-Astara bölgəsində çayçılığın inkişaf etdirilməsinə dair ilk dövlət qərarı 1931-ci ildə olmuşdur. Həmin dövrdən keçmiş SSRİ-nin ikinci çayçılıq bazasının Azərbaycanda yaradılması qərara alınmışdır. 1932-ci ildə ilk çayçılıq təsərrüfatı Lənkəran rayonunun keçmiş Kirov, indiki İstisu qəsəbəsində yaradılmışdır. İlk çay fabriki də 1937-ci ildə İstisu qəsəbəsində qurulmuş və çayın kütləvi istehsalına da bundan sonra başlanmışdır. Azərbaycanda yerli çayın istehsalı 1980-cı illərin ortalarında maksimuma çatıb. Çox keçmədən 6 rayonun 63 təsərrüfatında 3413 hektardan çox çay plantasiyası salınmış, 14 çay emal edən, 2 çayçəkici və qablaşdırıcı fabrik fəaliyyətə başlamışdır.

Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə tutumu 52 milyon kubmetr olan Yuxarı Xanbulançay dəryaçasının istifadəyə verilməsi Lənkəranda əkin sahələrinin, o cümlədən çay plantasiyalarının genişlənməsinə, məhsul istehsalının artımına və 30 mindən çox sakinin daimi işlə təmin edilməsinə səbəb olmuşdur. Həyata keçirilən tədbirlər sayəsində kənd təsərrüfatı məhsullarının həcmi ildən-ilə artmış, təkcə 1988-ci ildə rayonda 6 min 878 hektar sahədən rekord səviyyədə - 16 min 335 ton yaşıl çay yarpağı yığılmışdır. Lənkəran çayı 1981-ci ildə Almaniyanın Leypsiq şəhərində keçirilən müsabiqədə "Azərbaycan buketi" mükafatına və qızıl medala layiq görülmüşdür.

Lakin 1990-cı illərdən başlayan məlum hadisələr nəticəsində ölkədə çay sahələri və istehsalı tədricən azalmağa başlamış və 2010-cu ildə çay plantasiyalarının sahəsi 587 hektara, məhsul istehsalı 545 tona düşmüşdür. Ölkə demək olar ki, 99,9 faiz çay idxal edən dövlətə çevrilmişdir. Lakin ölkə rəhbərliyi bu neqativ prosesi durdurmaq üçün bir sıra önləyici tədbirlərə əl atdı. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra çayçılığın bərpası üçün ciddi tədbirlər görüldü. Azərbaycanda çayçılıqda davam edən tənəzzülü dayandırmaq, çay sahələrini yenidən bərpa etmək üçün çayçılığın təşkilinin, çay istehsalının, habelə çay məhsullarının keyfiyyətinin təmin edilməsi və digər məsələlərin tənzimlənməsi məqsədilə 2002-ci il dekabrın 17-də “Çayçılıq haqqında” Qanun təsdiqlənmişdir.

Çayçılığın inkişafına, məhsul istehsalçılarının marağının artırılması istiqamətində görülən tədbirlər sayəsində 2017-ci ildə çay plantasiyalarının sahəsi 2010-cu illə müqayisədə 2 dəfə artaraq 1114,3 hektara, məhsul istehsalı isə 775,2 tona çatmışdır.

Son illərdə Prezident İlham Əliyev tərəfindən qeyri-neft sektorunun uğurla inkişaf etdirilməsi, aqrar sahənin inkişafının da ön plana çəkilməsi, kənd təsərrüfatı məhsulları, o cümlədən çay yarpağı istehsalçılarına, çay tingi yetişdirənlərə subsidiyaların, güzəştli qaydada mineral gübrələrin verilməsi bu sahədə çalışanlara əlavə stimul vermişdir. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”, “Kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam”, “Azərbaycan

Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam və digər mühüm qərarlar aqrar sahənin, o cümlədən çayçılığın inkişafında yeni bir mərhələ açır.

Nəhayət, 12 fevral 2018-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” çayçılığın inkişaf istiqamətlərini müəyyənləşdirən əsas sənəd olmuşdur.

Dövlət Proqramında deyilir: “Proqramın həyata keçirilməsi Azərbaycanda çayçılıq ənənələrinin inkişaf etdirilməsinə, rəqabətin qorunmasına, çaya olan daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, çay emalı məhsullarının ixracının və çayçılıqla bağlı digər sahələrin inkişafına və çayçılıq rayonlarında əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə, ölkənin ümumi aqrar potensialını gücləndirəcək.”

Bu yazımızda əsas diqqəti çayçılığın inkişafında başlıca yer tutan yeni daha məhsuldar çay sortlarının yaradılmasına vermək istəyirik. Dövlət Proqramında “Çayçılığın inkişafının əsas istiqamətləri” bölümündə, çay bitkisinin əkin sahələrinin genişləndirilməsi və intensiv becərmə texnologiyalarının tətbiqi hesabına çay istehsalının artırılması nəzərdə tutulur. Belə ki, Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında göstərilir ki, yeni çay sortlarının yaradılması, mövcud sortların anaclıq sahələrinin genişləndirilməsi və vegetativ üsulla əkin materialının yetişdirilməsi ön plana çəkilməlidir.

Bəs Dövlət Proqramında göstərildiyi kimi yeni məhsuldar rayonlaşdirilmış çay sortlarının yaradılması istiqamətində əlaqədar təşkilatlarda hansı işlər görülür? Bununla bağlı Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq ET İnstitutu ilə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, tanınmış alim prof. Fərman Quliyevin elmi rəhbərliyi altında aparılan işlərin gedişi haqqında onunla görüşüb söhbət etdik. Fərman müəllim Azərbaycanın çay plantasiyalarının məhsuldarlığının və məhsulun keyfiyyətinin yaxşılaşdırılmasında çayın yeni sort və klonlarının yaradılması, onların kəndli fermer təsərrüfatlarına tətbiq edilməsini bu sahənin inkişafında ən mühum şərtlərdən saydığını bildirdi. Qeyd etdi ki, bu məqsədlə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi ilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun (ETİ) Lənkəran çay filialı bazasında elmi-tədqiqat işlərinin müştərək aparılması üçün müvafiq razılıq əldə olunub və əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən, professor Fərman Quliyevin elmi rəhbərliyi altında “Çay bitkisinin sort və formalarının toplanması, Lənkəran-Astara bölgəsi şəraitində introduksiya olunması, öyrənilməsi, ən qiymətlilərinin seçilməsi, yeni sortların yaradılması” mövzusu üzrə tədqiqat işləri aparılmışdır. Tədqiqatlarda uzun illərdən bəri çay bitkisinin 50-dan çox sort və formaları toplanaraq Lənkəran çay filialının eksperimental kolleksiya plantasiyasında müqayisəli sınaqdan keçirilmiş və bir sıra uğurlar əldə edilmişdir.

Professor əlavə etdi ki, ölkədə mövcud olan çay plantasiyalarında çay kolları məhsuldarlıqlarına, yarpaq keyfiyyətinə, zoğvermə intensivliyinə, vegetasiya müddətinin uzunluğuna, budaqlanma xarakterinə, generativ fəaliyyətinə, quraqlığa və soyuğa davamlılığına və ən nəhayət istehsal edilmiş quru çayın keyfiyyətinə görə bir-birindən xeyli dərəcədə fərqlənirlər. Plantasiyada çay kollarının yekcins olmaması, nəticədə məhsuldarlığa və məhsulun keyfiyyət göstəricilərinə təsir göstərməklə, emal texnologiyasının işini və yüksək keyfiyyətli məhsul istehsalında da bir sıra çətinliklər yaratmış olur. Göstərilən bütün bu məsələləri nəzərə alaraq, təsərrüfat əlamətləri ilə fərqlənən sort-klonların yaradılmasına xüsusi diqqət yetirilməlidir. Bu baxımdan Az. ETB və SBİ-nin Lənkəran Çay filialında ilk olaraq prof. F.A.Quliyev və b.e.n. M.M. Babayev çay bitkisinin vegetativ üsulla çoxaldılması metodunu işləyib hazırlamışlar (1982-1986). Bundan sonra isə çayın bölgə şəraitində klon seleksiyası üzrə elmi tədqiqat işləri genişləndirilmişdir. Klon seleksiyası üsulu ilə əldə etdiyimiz yüksək məhsuldar və yüksək keyfiyyətli çayın yeni forma-klonları respublikada çayçılığın müasir elmi əsaslar üzərində inkşaf etdirilməsi işində mühüm rol oynaya bilər. Bu forma-klonlar Lənkəran Astara subtropik bölgəsinin çay plantasiyalarında klon seleksiya işləri əsasında təsərrüfat qiymətli anaclıq çay kolları seçilmiş və onların üzərində elmi-tədqiqat işləri davam etdirilmişdir. Anaclıq çay kollarının morfolojı, biolojı, məhsuldarlığı və məhsulun keyfiyyət göstəriciləri öyrənildikdən sonar həmin anaclıq kollardan çilinglər tədarük edib, vegetativ üsulla coxaldılaraq Lənkəran çay filialının klon tədqiqi təcrübə sahəsində yerləşdirilərək hərtərəfli və müqaisəli öyrənilmişdir. Yeni yaradılmış sortlar əvvəllər rayonlaşmış çay sortu “Azərbaycan-2” (nəzarət) ilə müqayisələr aparılmış, kolların həcmi, budaqlanma dərəcəsi, yarpaqların buğumarası məsafəsi, fleşlərin kütləsi, kolların zöğvermə intensivliyi və sair haqda məlumatlar toplanmış və müqayisəli şərhi vermişdir. Məlum olmuşdur ki, yeni yaradılmış sortlarda fenofazaların keçməsi arasındakı fərqlər müxtəlif olmuşdur. Rayonlaşmış “Azərbaycan-2” (nəzarət) ) ilə müqayisədə vegetasiyanın başlanması adətən aprel ayının avvəllərinə təsadüf etdiyi halda, yeni rayonlaşdırılmış sortlar içərisində ən tez vegetasiya başlama- “Fərmançay”, “Lənkəran”, “Xəzər”, “Fərmançay çəhrayı” sortlarda müşahidə edilmişdir. Daha sonra yarpaq ayəsinin səthi nəzarət variantına nisbətən göstəricilər xeyli yüksəkdir. Vahid sahədə toplanmış normal fleşlərin kütləsi nəzarət variantında 45,0 qr və kar fleşlərin kütləsi 18,0 qr olduğu halda, yeni rayonlaşdırılmış çay sortlarında bu muvafiq olaraq 70,2-105,7 və 17,4-32,7 qr təşkil etmişdir. Bu kimi əsaslı fərqlər digər morfoloji xususiyyətlərin öyrənilməsi zamanı da müşahidə edilmişdir. Yeni rayonlaşdırılmış çay sortlarının müqayisəli öyrənilməsi zamanı biometrik ölcülər aparılmış, yarpaqların uzunluğu, eni və yarpaq ayəsinin səthi, kolların zoğvermə intensivliyi də müəyyənləşdirilmişdir. Məlum olmuşdur ki, adətən may ayında yarpaq səthi daha böyük, sentyabrda nisbətən kicik olmuşdur. Lakin ümümi yarpaq səthi sahəsinə gəldikdə isə, bu, nəzarət variantına nisbətən yeni rayonlaşdırılmış sortlarda daha böyük səthinin olması müəyyən edilmişdir. Misal ücün, nəzarət (“Azərbaycan-2”) variantında yarpaq səthinin orta göstəricisi may, iyun, sentyabr aylarında müvafiq olaraq 12,7, 11,8, 13,0 sm2 olduğu halda, yeni rayonlaşdırılmış sortlarda yarpaq ayəsinin orta səth ölcüləri daha yüksək mayda 20,2-29,9; iyulda - 17,8-23,6 və sentyabrda - 14,4-25,3 sm2 təşkil etmişdir. Başqa sözlə yaradılmış yeni sortlarda demək olar ki, yarpaq sahəsinin ölcüləri nəzarət variantından 1,5-2 dəfədən cox böyükdür. Çay kollarının zoğvermə intensivliyini öyrənərkən məlum olmuşdur ki, yenicə rayonlaşdırılmış sortlar bu cəhətdən də nəzarət (“Azərbaycan-2”) variantı ilə müqayisədə böyük üstünlük təşkil edirlər. Burada yeni yaradılmış sortlar sentyabrın ikinci dekadasına qədər 3-4 vegetasiya mərhələsini keçdiyi halda, nəzarət variantında yalnız 2 vegetasiya mərhələsini keçmişdir. Başqa sözlə, vegetasiya mərhələsi ərzində 4-6 və daha cox çay yarpağı məhsulu yığmaq imkanı olduğu halda, nəzarət variantında isə bu, yalnız 2-3 dəfə mümkün olmuşdur. Yenicə rayonlaşdırılmış “Fərmançay”, “Lənkəran”, “Fərmançay çəhrayı” və “Xəzər” sortlarının yaşıl yarpaq məhsuldarlığına görə müqayisəli öyrənilməsi göstərir ki, nəzarət (“Azərbaycan-2 ”) variantında orta məhsuldarlıq 450 sen/ha təşkil etdiyi halda, yenicə rayonlaşdırılmış çay sortlarında bu rəqəm daha yüksək, nəzarətə nisbətən 78,5-51,2 sen/ha və ya 70%-dən yüksək olmuşdur. Sözsüz ki, bu göstərici aqrotexniki qulluq işlərinin yaxşılaşması nəticəsində daha da yüksək olacaqdır. Yaşıl yarpaq və ondan hazırlanmış quru çay məhsulunun da keyfiyyət göstəriciləri (tanin, ekstraktiv maddələrin miqdarı) bu ana kimi rayonlaşmış “Azərbaycan-2” (nəzarət) sortu ilə müqayisədə yeni yaradılmış və rayonlaşdırılmış “Fərmançay”, “Lənkəran”, “Xəzər”, “Fərmançay çəhrayı” sortlarında bu göstəricilər böyük üstünlük təşkil edir.

Beləliklə, Lənkəran Regional Elmi Mərkəzi və Meyvəçilik və Çayçılıq ET İnstitutunun birgə yaratdıqları müxtəlif forma və klonları üzərində aparılan elmi-tədqiqat işlərinin nəticəsində 2015-ci ildə üç yeni çay forma və klonları, Dövlət Sort Sınağına qəbul olunmuş, hərtərəfli öyrənilmiş bu perspektiv klon və formalar təsərrüfat göstəricilərinə görə rayonlaşdırılmış çay seleksiya sortundan – nəzarət variantından (“Azərbaycan-2”) çox yüksək göstəricilərə malik olması təsdiqini almışdır. Gələcəkdə bu sortların artırılıb təsərrüfatlara verilməsi ölkə ərazisində çayçılığın intensiv inkişafına böyük təkan verəcəkdir.

Sonda qeyd etmək istəyirəm ki, ölkəmizin çay və subtropik bitkilər üzrə ən böyük mütəxəssisi,fədakar elm xadimi, professor Fərman Quliyevin bu sahədə əldə etdiyi elmi və praktiki nailiyyətlər ümid verir ki, cənub bölgəsində çayçılığı ən yeni üsullarla inkişaf etdirmək, daha məhsuldar, təbii iqlim şəraitinə dözümlü yeni çay sortlarından isifadə etməklə Dövlət Proqramında nəzərdə tutulmuş vəzifələrə daha səmərəli yolla çatmaq mümkün olacaqdır.

Sərraf Talıbov,

“Yaşıl çay” elmi, publisistik jurnalının redaktoru,

“Qızıl qələm” media mükafatı laureatı, AJB-nin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...