Zərdabda baramaçılığın yeni inkişaf dövrü başlayıb

Rayonda qısa müddətdə bu günədək 62,7 ton barama təhvil verilib

Bu gün bölgələrimizdə baramaçılığın inkişafı üçün mühüm tədbirlər həyata keçirilir. Qeyri-neft sektorunun inkişafına yönəldilən tədbirlər sırasında, bu sahənin inkişafı daha qabarıq şəkildə özünü büruzə verir.

Mövcud fakt ondan ibarətdir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində qədim ənənələrə söykənən baramaçılığın və ipəkçiliyin bərpası kənd təsərrüfatının prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramları çərçivəsində ölkədə ipək məhsullarının istehsalı, tədarükü və emalı sahələrində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, ənənəvi baramaçılıq rayonlarında barama istehsalının və emalının dəstəklənməsi üçün zəruri tədbirlər görülmüşdür. Baramaçılığın və ipəkçiliyin inkişafı üzrə nəzərdə tutulan işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədi ilə hazırlanmış "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensialının artırılmasına və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilib. Regionların sosial-iqtisasdi inkişafı Dövlət Proqramı çətçivəsində Bərdə, Ucar, Zərdab, Balakən, Qax, Şəki rayonlarında, Naxçıvan Muxtar Respublikasında ipəkçilik məhsullarının istehsalının və emalının inkişafının dəstəklənməsinin davam etdirilməsi nəzərdə tutulub. Nəzərə almaq lazımdır ki, Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafında əsaslı dönüş keçən əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul olunmuş "Azərbaycan Respublikasında ipəkçiliyin gələcək inkişafına dair tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Sovetinin 1971-ci il 3 mart tarixli 106 nömrəli qərarı baramaçılığın və ipəkçiliyin inkişafına böyük təkan vermiş, görülən tədbirlər nəticəsində, bu sahənin maddi-texniki bazası, sənaye potensialı gücləndirilmiş və barama tədarükü xeyli artmışdı. O dövrə yaş barama istehsalı 1970-ci ildə 3,7 min, 1975-ci ildə 4,4 min, 1980-ci ildə 5,0 min, 1985-ci ildə isə 5,5 min ton olmuşdu. Ötən əsrin 70-80-ci illərdə Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutu, damazlıq stansiyaları, barama toxumu zavodları, rayon barama qurutmaxanaları, ipəkçilik idarələri, tingçilik təsərrüfatları və emal müəssisələri vahid kompleks şəklində fəaliyyət göstərirdi və respublikanın 60 rayonunda baramaçılıq şəbəkəsi yaradılmışdı. Aparılan məqsədyönlü işlər nəticəsində, 1991-ci ildə ölkədə yaş barama istehsalı 5,9 min tona çatdırılmışdı.

Baramaçılığın inkişafında yeni mərhələ!

Bəs bu gün bu sahənin inkişafı üçün regionlarımızda, konkret olaraq, hansı tədbirlər rellaşdırılır? Baramaçılığın inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində Zərdab rayonunda xeyli iş görülüb. Rayon üzrə 2016-cı ildə 5710 kq, 2017-ci ildə 27 ton 55 kq, 2018-ci ildə 53 ton 880 kq barama tədarük edilib. Yem bazasını təmin etmək üçün son illərdə rayonda 500 minə yaxın yerli və Çin Xalq Respublikasından gətirilmiş tinglər əkilib.

2019-cu ildə 1750 qutu barama qurdu kümçülərə paylanıb. 3800 nəfəri əhatə edən 760 ailə baramaçılıqla məşğul olur. Bu günədək 62,7 ton barama təhvil verilib. Hazırda bu rayonda barama tədarükü davam etdirilir. Rayon üzrə öndə gedən kümçülərdən Gəlmə kənd sakini Teymur Teymurzadə, Alıcanlı kənd sakini Əlişah Cavadov, Məmmədqasımlı kənd sakini İsrayıl Mikayılov, Məmmədqasımlı kənd sakini Sırac Eyvazov, Gödəkqobu kənd sakini Kapitay İxtiyarov, Dəli Quşçu kənd sakini Tural Nağıyev, Nəzəralılı kənd sakini Surxay Xəlilov, Təzəkənd kənd sakini Hüseyn Mikayılov, habelə, Çallı kənd sakini Elçin Xəlilov və Məlikli kənd sakini İsrayıl Abbasov xüsusi ilə fərqlənirlər. Bəli, bu gün Zərdab rayonu baramaçılığın inkişafında fəallığı ilə seçilən rayonlarımızdandır. Bütün bu göstəricilər isə, onu deməyə tam əsas verir ki, Zərdabın zəhmət adamları ildən-ilə bu sahənin inkişafı üçün, eyni zamanda da, özlərinin sosial rifah hallarının daha da yaxşılaşması üçün əzmkarlıqla çalışacaqlar. Görülən zəhmət isə heç vaxt yerdə qalmır!

İLHAM

Bütün xəbərlər Facebook səhifəmizdə