Azərbaycana gələn turistlərin sayı ilbəil artmaqdadır

Son illər respublikamızda turizm sahəsində dövlət tərəfindən görülən işlər ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınmasına, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkilinə, hüquqi-normativ aktların qəbul edilməsinə müsbət təsirini göstərib. Turizm sahəsində orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının turizm sahəsi üzrə bəndlərinin tələbləri çərçivəsində sahibkarlığın inkişafı üçün müvafiq kreditlərin ayrılması, turizm obyektlərinin inşasının dəstəklənməsi və bir sıra hüquqi sənədlərin hazırlanması turizmin inkişafına geniş imkanlar açıb.

Son illər Azərbaycanda əldə olunmuş sosial-iqtisadi irəliləyiş bu vəzifənin yeni imkanlara adekvat səviyyədə həllinə şərait yaradır. Gün-gündən inkişaf edən respublikanın iqtisadiyyatında turizm sektoru prioritet sahəyə çevrilib. Ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, dünya turizm xidmətləri bazarında ölkə turizminin rəqabət qabiliyyətinin artırılması məlum dövlət proqramları əsasında davamlı olaraq həyata keçirilir. Müxtəlif turizm sahələri üzrə infrastrukturun yenilənməsi və yaradılması xarici turistlərin respublikamıza marağını artırıb. Bu da, öz növbəsində, iqtisadiyyata, bilavasitə müsbət təsirini göstərir. Ölkəmizdə uğurla keçirilən müxtəlif tədbirlər də, Azərbaycanın turizm imkanlarının, geniş məkanda tanımasına böyük yollar açıb. Tədbirlər çərçivəsində ölkəmizə dünyanın müxtəlif ölkəsindən gələn qonaqlar Azərbaycanın gözəllikləri ilə tanış olur və müasir tələblər səviyyəsində qurulmuş otellərdə istirahət edirlər.
CARİ İLİN DÖRD AYI ƏRİZİNDƏ, AZƏRBAYCANA DÜNYANIN 170 ÖLKƏSİNDƏN 848,4 MİN ƏCNƏBİ VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXS GƏLİB


Görülən işlərin məntiqi nəticəsi olaraq, bu ilin dörd ayında uğurlu göstəricilər əldə olunub. Qədim tarixi abidələri, coğrafi şəraiti baxımından diqqətdə olan Azərbaycanın bir çox məkanlarına turistlərin axını çoxalıb. Əlverişli iqlim şəraiti, coğrafi mövqeyi, qədim tarixi abidələri, zəngin fauna və florası ilə seçilən Azərbaycan rayonlarında turistlərin axınında artım müşahidə olunub. Bu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 170 ölkəsindən 848,4 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu da, 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 0,1 faiz çox turistin gəlməsindən xəbər verir. Statistik məlumata əsasən, gələnlərin 27,3 faizi Rusiya Federasiyası, 26,8 faizi Gürcüstan, 11,1 faizi Türkiyə, 8 faizi İran, 3,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,8 faiz olmaqla, Ukrayna və Hindistan, 1,4 faizi Pakistan, 1,3 faizi İraq, 16,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Ölkəmizə yanvar-aprel aylarında gələnlərin sayında daha çox artım Misir (2,2 dəfə), Səudiyyə Ərəbistanı (1,9 dəfə), Hindistan (1,8 dəfə), Türkmənistan (1,8 dəfə), Çin (1,6 dəfə), Yaponiya (37,1 faiz), Kanada (31,8 faiz), Pakistan (28,8 faiz), Gürcüstan (22,6 faiz) və Cənubi Koreya (20,5 faiz) vətəndaşları arasında qeydə alınıb. Bunların arasında Baltikyanı ölkələr və Polşadan gələnlərin də, statistik göstəricilərə əsasən, sayı kifayət qədərdir. Belə ki, cari ilin 3 ayında Polşadan Azərbaycana 649, Latviyadan 325, Litvadan 345, Estoniyadan isə 141 turist gəlib.


Bütün bunlar göstərir ki, Azərbaycanda turizm sektoru dünya standarlarına uyğun qurulub, ölkəmizin əlverişli iqlimi, sabitliyin, təhlükəsizliyin mövcudluğu turistlər üçün buranı ən əlverişli bir məkana olaraq cəlbedici edib. Hər bir Azərbaycan rayonunun özünəməxsusluğu xarici turistləri bu və ya digər məkanlara cəlb edir. Rayonlarda tarix-mədəniyyət abidələri, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, müasir tələblərə cavab verən mehmanxanaların və istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafına öz təsirini göstərir. Təbii ki, turist axınının artması iqtisadi inkişafa, insanların həyat tərzinin yaxşılaşmasına böyük təsir göstərən amillərdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə