"Hesabat Azərbaycanda həyata keçirilən islahatlara beynəlxalq qiymətdir" ŞƏRH - ÖZƏL

"Dünya Bankının "Doing Business" hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşmasını Azərbaycanda son illər aparılan islahatlarla əlaqələndirmək lazımdır". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, 2015-ci ildən Azərbaycanda dərinləşdirilmiş hesabatların aparıldığını nəzərə alsaq, bunun nəticəsində ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması, sahibkarların fərqli dövlət xidmətinə çıxışının təmin edilməsi imkanların genişləndirilməsi ilə yanaşı eyni zamanda dövlət dəstəyinin artırıldığı da göz qabağındadır.

V. Bayramov söyləyib ki, son illər dövlət xidmətlərinə elektron çıxış imkanları artıb: "Azərbaycan ümumi hesabatda biznes mühitinə görə, dünyada 25-cidir. Əmlakın qeydiyyata alınması və digər istiqamətlərdə ilk 20-liyə daxil olub. Elektron xidmətlərdən daha çox istifadə olunması Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə gətirib çıxarıb".

Ekspert qeyd edib ki, Dünya Bankının hesabatında 3 əsas meyardan istifadə olunub ki, bura prosedurların, tələb olunan günlərin və tələb olunan xərclər daxildir: "Azərbaycanda hər üç istiqamətdə, xüsusilə də sahibkar üçün həm prosedurların, həm tələb olunan günlərin sayının, həm də xərcin azaldılması istiqamətində atılan addımlar ölkəmizin hesabatda mövqeyinə müsbət şəkildə təsir göstərib".

V. Bayramov vurğulayıb ki, görülən işlər nəticəsində ölkəmiz ən çox islahatlar aparan 10 ölkə sırasına daxil edilib: "Dünya Bankı tərəfindən aparılan təhlillər nəticəsində hazırlanan hesabat Azərbaycanda həyata keçirilən islahatlara beynəlxalq qiymətin verilməsi baxımından vacibdir. Beynəlxalq qiymət həm xarici investisiyaların cəlb edilməsi, ölkənin iqtisadi potensialının tanıdılması və təqdim edilməsinə yardım edir, həm də islahatlar aparıldıqca ölkəmizin beynəlxalq hesabatlarda mövqeyinin daha da yaxşılaşmasına səbəb olur. Bu baxımdan "Doing Business" hesabatında mövqeyimizin yaxşılaşması bir başa 2015-ci ildən dərinləşdirilən nəticəsi olaraq xarakterizə olunmalıdır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...