Azərbaycanla Çexiya birgə müəssisələr yarada bilərlər

Azərbaycan və Çexiya arasında 2018-ci il ərzində ümumi ticarət dövriyyəsinin həcmi 57% artıb və 1 mlrd. ABŞ dollarını keçib. SİA xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda çıxış edərkən İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında bu günə qədər müxtəlif sahələri əhatə edən 30-dan çox sənəd imzalanıb. "Bu sənədlərdən biri investisiyaların təşviqi və qorunması, digəri isə iki ölkə arasında ikiqat vergitutmanın ləğv edilməsi ilə bağlıdır”, - R.Məmmədov deyib.

Eyni zamanda R.Məmmədov qeyd edib ki, istər iqtisadi, istərsə də siyasi sahələrdə Azərbaycan və Çexiya tərəfdaş ölkələrdir: “Bu gün Azərbaycan və Çexiya arasında birgə müəssisələrin yaradılması sahəsində böyük imkanlar mövcuddur. Hazırda Azərbaycanda 26 çex şirkəti fəaliyyət göstərir”.

Nazir müavini vurğulayıb ki, Çexiya Azərbaycana bu günə qədər 33,5 mln. dollar həcmində investisiya yatırıb. Azərbaycan isə Çexiya iqtisadiyyatına 50 mln. dollara yaxın investisiya yatırıb. Çexiya şirkətləri Azərbaycanda ümumi dəyəri 2,8 mlrd. dollar olan layihələrdə iştirak ediblər. Cənubi Qafqazda Çexiyanın yatırım etdiyi investisiyaların 88%-i Azərbaycanın payına düşür.

Azərbaycan iqtisadiyyatından geniş məlumat verən nazir müavini ölkə iqtisadiyyatının göstəricilərini açıqlayıb. O iki ölkə arasında sənaye, energetika və kənd təsərrüfatı sahələrində birgə müəssisələrin yaradılmasının məqsədəuyğun oluğunu qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə