"İki il ərzində 250 minə yaxın iş leqallaşıb"

"Özəl sektorla bağlı bizi narahat edən qeyri-leqal çalışmalarla bağlı çox əhəmiyyətli layihə həyata keçirilir". SİA xəbər verir ki, bunu, İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında özəl şirkətlərin rolu” mövzusunda keçirilən tədbirdə Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov bildirib.

Onun sözlərinə görə, bu sahədə yaranmış Komissiyanın fəaliyyəti nəticəsində təxminən 2 ilə yaxın müddət ərzində Azərbaycanda 250 minə yaxın iş leqallaşıb: "Bunun nəticəsində Azərbaycanın Pensiya Fonduna ödənilən vəsait 200 milyon manata qədər artıb. Bu, Azərbaycanda pensiya sisteminin dayanıqlığına töhfədir".

Baş nazirin müavini bildirib ki, birinci nail olmaq istədiyimiz budur ki, Azərbaycan öz üzərinə götürdüyü dayanıqlı inkişaf məqsədləri ilə bağlı öhdəlikləri vaxtında yüksək keyfiyyətlə yerinə yetirsin: "Onu da qeyd edim ki, Azərbaycanın bu layihənin həyata keçirilməsi ilə əlaqədar fəaliyyəti Birləşmiş Millətlər Təşkilatı tərəfindən layiqincə qiymətləndirilir. Azərbaycan iyul ayında ikinci milli könüllü hesabatını təqdim edəcək. Mənə deyilənə görə, Azərbaycan birinci ölkədir ki, iki hesabatını təqdim edir. Bu baxımdan Azərbaycanın bu layihədə iştirakı kifayət qədər ürəkaçandır. Eyni zamanda özəl sektorun da bu layihədə daha yaxından iştirakı bütövlükdə Azərbaycanın dayanıqlı inkişafının yerinə yetirilməsi ilə əlaqədar götürdüyü öhdəliyini layiqincə yerinə yetirilməyinə öz töhfəsini verəcək".

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə