Qubada intensiv bağçılıq təsərrüfatlarının yaradılması təşviq olunur

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi və sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. SİA İqtisadiyyat Nazirliyinin məlumatına istinadən xəbər verir ki, bu istiqamətdə növbəti işgüzar forum mayın 8-də Quba rayonunda keçirilib.

Tədbir çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan arıçılıq və intensiv bağçılıq təsərrüfatlarının, meyvə-tərəvəz və süd emalı müəssisələrinin, ixtisaslaşdırılmış “yaşıl market” və logistik mərkəzin yaradılması, kənd turizmi üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri, Sahibkarlığln İnkişafı Fondunun özəl bölmənin inkişafında, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib. Qeyd edilib ki, bu ilin ötən dövründə 345 sahibkarın ümumi dəyəri 98,6 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 37 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1400-dən çox iş yerinin yaradılmasına imkan verir. Verilən güzəştli kreditlərin 65%-i aqrar sektorun, 35%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalının inkişafına yönəldilib.

Qeyd edilib ki, bugünkü forumda verilən kreditlər də daxil olmaqla indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2700-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 204,1 milyon manat güzəştli kredit ayrılıb.

İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 27 sahibkara 1,5 milyon manatdan çox güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, süfrə suları istehsalı, meyvə-tərəvəz qablaşdırılması sahələrinin inkişafına yönəldiləcəkdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 70-dən çox iş yeri açılmasına imkan yaradacaq.

Tədbir çərçivəsində Qubada güzəştli kredit ayrılmış çörək istehsalı müəssisəsinə və intensiv bağçılıq təsərrüfatına baxış keçirilib.

Ümumilikdə indiyədək dəyəri 165,5 milyon manat olan 29 intensiv bağçılıq və tingçilik təsərrüfatının maliyyələşməsinə 46,8 milyon manat güzəştli kredit verilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə