Əli Məsimli: "Kiçik fermerlə bağlı məsələyə həssas yanaşılmalıdır"

"Normal sığorta sistemi yaradılsa, kənd təsərrüfatına daha çox sərmayə qoyular". SİA-nın xəbərinə görə, bunu millət vəkili Əli Məsimli Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

O bildirib ki, "Aqrar sığorta haqqında" hazırlanan yeni qanunu 2002-ci ildə bu istiqamətdə qəbul edilən qanunla müqayisə etsək burada bir neçə məqamın fərqli olduğunu görərik: "Köhnə qanun niyə işləmədi? Ona görə də yeni qanunun işləməsinə nail olmağa çalışılmalıdır. Digər tərəfdən, kənd təsərrüfatında sığorta könüllü, yoxsa icbari olacaq? Layihədə bu, əksini tapmayıb. Həm də qanun layihəsi elə şriftlərlə yazılıb ki, oxumaq da mümkün deyil. Adətən, bank müqavilələrini belə yazırlar ki, insanlar oxuya bilməz”.

Ə.Məsimov 800 mindən çox kiçik fermerlə bağlı məsələyə həssas yanaşılmalı olduğunu vurğulayıb: “Dolu yağanda mütəxəssislər bilir ki, hansı rayonda kənd təsərrüfatına necə zərər dəyib. Tutaq ki, əgər dəymiş zərərin 10 faizi ödəniləcəksə, bu qanun da işləməyəcək”.

Millət vəkili Rüfət Quliyev Kənd Təsərrüfatı Nazirliyinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə işləməyi tövsiyyə edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə