"“Bir kəmər - Bir yol” təşəbbüsünün tarixi Azərbaycanla bağlıdır" AÇIQLAMA-ÖZƏL

“Bir kəmər - Bir yol” layihəsi təşəbbüsünün tarixi daha çox Azərbaycanla bağlıdır. Həm maliyyə, həm də əhatəlilik baxımından ən böyük təşəbbüsə malik olan layihə 65 ölkəni əhatə edir. Layihənin bütövlükdə maliyyə yükü təxminən 1 trilyon dollardan çoxdur. Bu qədər ölkəni və bu həcmdə maliyyəni özündə birləşdirən layihə olduğuna görə hazırda bütövlükdə materikdə iqtisadi əməkdaşlıq formatını dəyişib”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Layihənin iqtisadi dividentləri ilə yanaşı mühüm siyasi üstünlüklərə malik olduğunu dilə gətirən deputat söyləyib ki, yol Azərbaycandan keçdiyi üçün bu layihənin həyata keçməsi Azərbaycanın iqtisadi cəhətdən güclənməsi, geosiyasi və geoiqtisadi nüfuzunun artması və Azərbaycanın öz milli maraqlarının təmininə şərait yaradacaq.

T. Mirkişili bildirib ki, Azərbaycan ilk gündən etibarən layihənin həyata keçməsində həm yaradıcı, həm də öz imkanlarını təqdim edən və gələcəkdə həyata keçirilən layihələrdən daha çox iqtisadi gəlir əldə etməyi bacaran dövlətdir:

“Bu layihədə keçmiş SSRİ ölkələrindən cəmi 4 ölkə iştirak edir ki, bunlardan da biri Azərbaycandır. Bu gün Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələri, ölkənin qonşularla (Ermənistan istisna) kifayət qədər konstruktiv münasibətlərinin olması, ölkənin öz iqtisadi imkanlarının kifayət qədər böyük olması, ictimai-siyasi vəziyyətin sabitliyi bütövlükdə layihənin həyata keçməsində mühüm rol oynayır. Çinin qəbul etdiyi bu layihə İspaniyaya qədər uzanan bütövlükdə infrastrukturun dəyişilməsini nəzərdə tutur. Çin təkcə özü bu layihəyə infrastrukturun yenilənməsi üçün 113 milyard dollar investisiya qoymağı planlaşdırır. Digər ölkələrin də qoyacağı investisiyanı nəzərə alsaq, burada çox böyük rəqəm alınır”.

Deputat qeyd edib ki, Çinin Azərbaycana olan maraqları olduqca böyükdür: “ Azərbaycanın iqtisadi sahədə apardığı davamlı islahatlar, ölkədə artıq illərlədir hökm sürən ictimai-siyasi sabitlik Çin kimi böyük və güclü bir dövləti bizimlə əməkdaşlıqda maraqlı edə bilən əsas şərtlərdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə