Bakının nəqliyyat sistemi beynəlxalq jurnalda MƏQALƏ

İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyanın (International Association of Public Transport (UITP)) “İctimai Nəqliyyat Dünyası” adlı jurnalının növbəti sayında Bakı Nəqliyyat Agentliyinin şəhər nəqliyyatının inkişafı istiqamətindəki fəaliyyətindən bəhs edən məqalə dərc edilib. SİA Bakı Nəqliyyat Agentliyinin məlumatına istinadən xəbər verir ki, məqalədə Bakı şəhərində nəqliyyat infrastrukturunun və şəhər nəqliyyatı işinin daha da yaxşılaşdırılması, o cümlədən, ictimai nəqliyyatın tənzimlənməsi, marşrut şəbəkəsinin optimallaşdırılması, nəqliyyat sahəsində xüsusi idarəetmə modelinin formalaşdırılması ilə bağlı yeni çağırışlara uyğun görüləcək işlər barədə məlumatlar yer alıb.

Hazırda sərnişindaşımada 300 ədəd sıxılmış təbii qazla (CNG) işləyən və ətrafı çirkləndirməyən, komfortlu "İVECO" markalı avtobusların istismar edildiyini diqqətə çatdıran yazı müəllifi avtobus parkının yenilənməsi istiqamətində görülən tədbirlərə də toxunub. Bu çərçivədə 300 yeni nəsil Avro 6 standartlarına cavab verən "BMC" markalı avtobusların alınması müsbət hal kimi dəyərləndirilib. Vurğulanır ki, 2022-ci ildən etibarən Bakı şəhərində ictimai nəqliyyatda ancaq sıxılmış təbii qazla (CNG) və elektriklə işləyən (Hybrid) avtobusların gətirilməsi nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, Bakı Nəqliyyat Agentliyi dünya üzrə 200-dən çox şəhər nəqliyyatına məsul qurumları özündə birləşdirən İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyaya (International Association of Public Transport) 2018-ci ildə üzv qəbul edilib. Assosiasiya 1885-ci il avqustun 17-də təsis edilib. Baş qərargahı Brüssel şəhərində yerləşən təşkilat 14 regional filial və əlaqələndirmə mərkəzini birləşdirir. Təşkilatın 96 ölkədən 1400 üzvü var. İctimai nəqliyyatın təbliğ edilməsi, ən yaxşı təcrübənin yayılması, dünya üzrə nəqliyyat mütəxəssislərinin əlaqələndirilməsi, nəqliyyat sahəsində kurs, təlim və seminarların təşkil edilməsi, beynəlxalq forum və konfransların təşkili təşkilatın əsas fəaliyyət istiqamətlərindəndir. Assosiasiya ictimai nəqliyyat üzrə peşəkarları bir yerə gətirərək müvafiq inkişaf perspektivlərini və problemləri müzakirə etmək, qabaqcıl təcrübələri bölüşmək üçün əlverişli platforma hesab edilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə