“Bir kəmər, bir yol”-da Azərbaycan logistika mərkəzidir

Qərbin hegemonluq iddiası, demokratiya maskası altında bütün dünyanı nəzarət altına almaq istəyinin fonunda bütün dünya ölkələrinin artıq Şərqə meyilli olduğu heç də gizli deyil. O da gizi deyil ki, Şərq inkişaf dinamikasına görə Qərbi də Köhnə qitəni də çoxdandır ki, geridə qoyub və indi diqqət mərkəzi kürənin bu istiqamətinə yönəlib.

İndi Avropa ölkələri hərcmərcliklərlə, parçalanmalarla, daxili problemlərlə mücadilə etdiyi halda Şərqdə dinamik inkişaf, ələlxüsus iqtisadi sahədə dinamika müşahidə edilir. Etiraf etmək lazımdır ki, Avropanın ən nüfuzlu ölkələrinə məxsus markaların, brendlərin istehsalı belə şərqdə, xüsusi olaraq Çində həyata keçirilir. Avropa ölkələrinin avtomobil istehsal edən zavodlarından tutmuş, ən kiçik toxuculuq fabriklərinə qədər hamısı Çində məskunlaşıb. Bu həmin ölkənin iqtisadi cəhətdən düzgün strategiya irəli sürdüyündən xəbər verir və eyni zamanada tezliklə bütün dünya ölkələri arasında iqtisadi hegemonluğunu təsdiqləyir, bundan sonra daha da güclənəcəyini proqnoz verməyə əsas yaradır.

Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkədir

Çində aprelin 25-27-də onlarla dövlət başçısının iştirakı ilə keçiriləcək "Bir kəmər, bir yol” layihəsinin ikinci forumu ərəfəsində çinlilər layihənin uğurları barədə danışmaq üçün irimiqyaslı kampaniyaya start veriblər. Xatırladaq ki, Çin Xalq Respublikası 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” adlı yeni iqtisadi inkişaf strategiyası elan edib. Strategiya “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu” olmaqla iki əsas inkişaf istiqamətini nəzərdə tutur. Söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir.

Onu da nəzərə almaq lazımdır ki, Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır və bu ölkəmiz üçün çox önəmlidir. Bu həm də Azərbaycanın özünün Cənubi Qafqaz regionunda çox önəmli bir ölkə olduğunu isbatlayır.

Şimal ilə Cənubun, Şərq ilə Qərbin qovşağında yerləşən, Asiya və Avropa qitələri arasında körpü rolunu oynayan Azərbaycan bu baxımdan nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malikdir. Çinin Azərbaycanı öz layihəsinə dəvət etməsi məhz buna görə heç də təsadüfi hesab olunmur. Qədim İpək Yolu və müasir “Bir kəmər, bir yol” strategiyası üçün çox vacib rol oynayan Azərbaycanın nəqliyyat-logistika üstünlüyü özünü açıq şəkildə göstərir və bu gün biz bu üstünlüyün şahidiyik.

“Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yeganə üzvü olan Azərbaycan özündən şimalda və cənubda yerləşən ölkələrə də bu layihəyə qoşulmaq şansı yaradır

Layihənin əhəmiyyəti haqqında düşündükdə, 2019-cu il yanvarın 22-də isə Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda keçirilən sessiyanı xatırlamaq yerinə düşərdi. Söhbət trilyonlarla ölçülən böyük, hətta nəhəng, qlobal layihədən gedir. “Şərq-Qərb” Nəqliyyat Dəhlizi təşəbbüsünün fəal üzvü olan Azərbaycanın Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləməsi ən uğurlu addımlardan biridir. Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir və bu baxımdan Azərbaycan özündən şimalda və cənubda yerləşən ölkələrə də bu layihəyə qoşulmaq üçün imkanlar yaradır.
Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi önəmli infrastruktur layihələri “Bir kəmər, bir yol” təşəbbüsü və ümumilikdə regional əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edir. Bir müddət əvvəl istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti sayəsində Çindən Avropaya yüklərin daşınma müddəti xeyli azalıb. Bu, o deməkdir ki, Çindən daşınan yüklər iki həftə müddətində Azərbaycandan keçərək Avropaya çatır. Bakı-Tbilisi-Qars layihəsi həm də Azərbaycanın dəmir yolu nəqliyyatı sahəsində çox mühüm rol oynadığını nümayiş etdirir.

Çin Azərbaycan vasitəsilə Avropaya daha sürətli çıxış imkanı qazandığının fərqindədir və bunu layiqincə dəyərləndirir

Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, ümumilikdə Avrasiya regionunda yerləşən ölkələr üçün də iqtisadi baxımdan yeni imkanlar deməkdir. Dünyanın ən böyük ixracatçı və ikinci ən böyük idxalçı ölkəsi olan Çinin də bu dəmir yoluna marağı başadüşüləndir. Həmçinin Çin hökuməti çox yaxşı bilir ki, bu dəmir yolu “Bir kəmər, bir yol” strategiyasının səmərəliliyini də artıracaq. Ona görə də, Çinin bu dəmir yolu xəttinə böyük əhəmiyyət verməsi təsadüfi deyil və Çin Azərbaycan vasitəsilə Avropaya daha sürətli çıxış imkanı qazandığının fərqindədir və bunu layiqincə dəyərləndirir.

Azərbaycandan keçməsi nəzərdə tutulan “Bir kəmər, bir yol” xətti Azərbaycan üçün də vacibdir. Sözügedən təşəbbüsün Azərbaycan ərazisində reallaşması imkanların xeyli artması deməkdir. Beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından bu layihə Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir. Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri çərçivəsində Azərbaycanda həyata keçirilən beynəlxalq yükdaşımaların həcmində son illər artımlar da inkar edilə bilməz. O da inkar edilə bilməz ki, ölkəyə daxil olan yüklərin təxminən 90 faizi tranzit olaraq digər ölkələrə daşınır.

Etiraf etmək lazımdır ki, “Bir kəmər, bir yol” layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafı, fərqli mənbələrdən daxilolmanın artırılması baxımından daha çox vacibdir. Heç şübhəsiz ki, bu layihə Azərbaycanın dövlət gəlirlərinin artmasına, ölkəyə daxil olan valyuta həcminin genişlənməsinə öz tövhələrini verəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə