Ankara-Bakı-Ankara istiqamətində uçuşların rəsmi açılışı olub

“Türk Hava Yolları”nın (THY) Bakı-Ankara-Bakı reysinin Heydər Əliyev Beynəlxalq Aeroportunda açılış mərasimi keçirilib. SİA xəbər verir ki, THY-nin Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas iki paytaxt arasında məsafələri qısaltmaq baxımından bu reysin əhəmiyyətli olduğunu bildirib.

“Bilirsiniz ki, Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələr çox yüksək səviyyədədir. Bu baxımdan siyasilərdən ibarət sərnişin potensialı var. Həmçinin Ankara və ətraf regionlarda təhsil alan tələbələr, ora müalicəyə gedən şəxslər və sair potensial olaraq bizim sərnişinlərimizdir. Uzun müddət idi ki, paytaxtları bir-birinə bağlayan bu reysi açmağı düşünürdük. Nəhayət bu gün reallaşdırdıq”, - deyə THY-nin Bakı nümayəndəliyinin rəhbəri qeyd edib.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, THY-nin baş direktorunun insan resursları üzrə köməkçisi Abdulkərim Çay, Mülki Aviasiya Agentliyinin beynəlxalq münasibətlər şöbəsinin rəhbəri Elman Ələkbərov və başqa şəxslər iştirak edib.
Qeyd edək ki, “Türk Hava Yolları” aprelin 22-dən etibarən Ankara-Bakı-Ankara istiqamətində birbaşa uçuşlara başlayıb.
Ankara-Bakı istiqamətində uçuşlar həftənin bazar ertəsi, çərşənbə və cümə günləri təşkil olunacaq. Əks istiqamətdə isə (Bakı-Ankara) reyslər həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri həyata keçiriləcək. Ankara-Bakı reysi yerli vaxtla 23:45-03:35-də, Bakı-Ankara isə 04:30-06:20-də təşkil olunacaq. Bununla da Türkiyədən Azərbaycana olan birbaşa uçuşların icra edildiyi şəhərlərin sayı 3 olur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə