"Azərbaycan regional layihələrin təşəbbüskarı kimi çıxış edir" RƏY-ÖZƏL

“Son bir ildə respublikamızın dəyişən, müasirləşən həyatı, yaranan müsbət reallıqlar, ölkənin bütünlüklə inkişafa istiqamətlənməsi onu deməyə əsas verir ki, Prezident İlham Əliyev seçkilər zamanı ölkənin gələcək inkişafı ilə bağlı vədlərini cəmiyyətə bəyan edərkən reallıqları əsas götürüb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.

Ötən bir il müddətində Azərbaycanda bütün sahələrdə həyata keçirilən məhsuldar, genişmiqyaslı islahatların yüksək səviyyədə səmərə verdiyini deyən deputat söyləyib ki, həyata keçirilən islahatlar Azərbaycanda yeni iqtisadi sosial inkişaf modelinin yaranmasına səbəb olub: “Son 16 ildə milli iqtisadiyyatımız 3 dəfədən çox genişlənib, respublikamız Cənubi Qafqazın ən güclü iqtisadiyyata malik ölkəsinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan regionda bütün qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrinin təşəbbüskarı kimi çıxış edir”.

O bildirib ki, bu gün Azərbaycan dünyada yüksək iqtisadi göstəriciləri, tolerantlıq, humanizm prinsiplərinə əsaslanan siyasi kursu və tarixi ənənələrə sadiq, milli kimliyinə, mədəni irsinə sahib çıxan ölkə kimi tanınır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın davamlı olaraq gücləndiyini xüsusi vurğulayan D.Cəbrayılova qeyd edib ki, ölkənin bütün sahələrdə uğurlar qazanması məhz güclü iqtisadiyyat amili ilə şərtlənir: “Bu gün ölkəmizdə islahatlar dalğası bütün sahələri əhatə edir. İslahatlar əhəmiyyətli nəticələr verməkdədir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə