“Əmlakının qeydiyyata al və mülkiyyətinə sahib ol”

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların mülkiyyət hüquqlarını daha rahat həyata keçirilməsi sahəsində yeniliklər tətbiq edir. SİA Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu sahədə təşkil olunan “Əmlakının qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası ilə daşınmaz əmlakın qeydiyyat xidmətləri birbaşa ünvanlarda göstərilir. Komitə tərəfindən kampaniyanın keçiriləcəyi növbəti rayon İsmayıllıdır. Bu həftə ərzində səyyar qeydiyyat xidmətləri rayonun iki kəndini əhatə edəcək.

İctimai əhəmiyyətli kampaniya 22-24 aprel tarixlərində İsmayıllı rayonu Qalıncaq kəndində, 25-26 aprel tarixlərində Təzəkənd kəndində təşkil ediləcək. Fərdi yaşayış evləri, bağ evləri, torpaq sahələri və digər daşınmaz əmlaklarını qeydiyyata almaq istəyən vətəndaşlar saat 9:00-dan 17:00-dək səyyar avtobusa yaxınlaşa bilər. Operativ xidmətlərdən adıçəkilən kəndlərin sakinləri ilə yanaşı, digər kənd və qəsəbələrdən olan vətəndaşlar da istifadə edə bilər.

Qeyd edək ki, kampaniya zamanı əhalinin qeydiyyatla bağlı maarifləndirilməsi də təşkil ediləcək. Səyyar ofisə müraciət edən şəxslərə qeydiyyat prosedurları, tələb olunan sənədlər, dövlət rüsumu və xidmət haqqı kimi məsələlər izah olunacaq. Elektron çıxarışların əldə olunması, istifadəsi və üstünlükləri barədə vətəndaşlar məlumatlandırılacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...