"Bir kəmər, bir yol" Forumuna 40 ölkədən liderlər qatılacaq

25-27 aprel tarixlərində Pekində keçiriləcək “Bir kəmər, bir yol” forumunda təxminən 40 dövlət və hökumət başçıları iştirak edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Çinin xarici işlər naziri Van İ açıqlayıb.

“25-27 aprel tarixlərində Pekində “Bir kəmər, bir yol” mövzusunda İkinci Forum keçiriləcək. Forum bu il Çində keçiriləcək əsas beynəlxalq tədbir olacaq. Tədbirdə 37 ölkədən dövlət və hökumət rəhbərləri iştirak edəcək”, - deyə XİN başçısı dilə gətirib.

Onun sözlərinə görə, forumda Beynəlxalq Valyuta Fondunun İcraçı direktoru Kristin Lagarde və BMT Baş katibi Antonio Guterres də iştirak edəcək.

Van İ bildirib ki, Forumun proqramı olduqca zəngin olacaq: 25 aprel tarixində 12 tematik forum və konfrans, 26 aprel tarixində təntənəli açılış mərasimi və yüksək səviyyəli görüş, 27-də isə liderlərin ümumi toplantısı keçiriləcək: “ÇXR lideri Si Jinping forumun açılış mərasimində və yekununda çıxış edəcək. Bundan başqa lider və onun həyat yoldaşının iştirakı ilə forumun yüksək səviyyəli qonaqları üçün ziyafət təşkil ediləcək”.

Xarici işlər naziri söyləyib ki, bu il Forumda Rusiya, Pakistan, Qazaxıstan, Avstriya, Azərbaycan, Belarus, Çexiya, Misir, Yunanıstan, Macarıstan, İtaliya, Monqolustan, Filippin, Serbiya, Sinqapur, Tayland, BƏƏ-nin lideri iştirak edəcək.

Qeyd edək ki, “Bir kəmər, bir yol” Birinci Forumu 2017-ci ilin may ayında keçirilib. Ötən forumda 29 ölkənin dövlət və hökumət rəhbərləri iştirak edib.

Xatırladaq ki, “Bir kəmər, bir yol” konsepsiyası Çin ilə ticarət əlaqələrinin inkişaf etdirilməsini təşviq etmək üçün nəzərdə tutulmuş 60-dan çox Orta Asiya, Avropa və Afrika ölkələrini birləşdirən yeni ticarət və nəqliyyat dəhlizlərini inkişaf etdirmək üçün Çinin beynəlxalq təşəbbüsüdür.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə