Azərbaycan-Belarus Qarışıq Komissiyasının iclası keçirilib

Bakıda beynəlxalq avtomobil daşımaları üzrə Azərbaycan-Belarus Qarışıq Komissiyasının növbəti iclası keçirilib. Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Belarus nümayəndə heyətinə Nəqliyyat və Kommunikasiya Nazirliyinin Avtomobil Nəqliyyatı İdarəsinin rəis müavini Qennadi Aleksian rəhbərlik edib.

SİA xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidməti məlumat verib. Məlumata görə, iclasda beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yükdaşımalar zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə olunub.
Müzakirələrin gedişində Azərbaycan və Belarus arasında həyata keçirilən beynəlxalq avtomobil daşımalarının inkişaf etdirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, gözləmə vaxtının azaldılması, nəqliyyat vasitələri heyətinin iş və istirahət rejiminə riayət edilməsi, eləcə də Şimal-Cənub və Qərb-Şərq beynəlxalq nəqliyyat dəhlizlərində ölkələrimizin avtodaşıyıcılarının xüsusi çəkilərinin artırılması üçün görülən tədbirlərin daha da təkmilləşdirilməsi və davam etdirilməsi məqsədi ilə müvafiq razılıqlar əldə edilib.
2019-2020-ci illər ərzində ölkələrimiz arasında beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsi üçün "İcazə" blanklarının kontingenti müəyyən edilərək müvafiq protokol imzalanıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə