"Nəticələr göstərir ki, islahatlar effektiv şəkildə aparılıb" AÇIQLAMA-ÖZƏL

“Ötən 1 il müddətində Azərbaycanda həyata keçirilən sosial iqtisadi islahatların mühüm nəticələri göstərdi ki, atılan addımlar effektiv şəkildə aparılıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı tahir Mirkişili deyib.

Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən islahatların uğurlu olması Prezident İlham Əliyevin ilk növbədə qətiyyətli və düşünülmüş siyasəti nəticəsində əldə olunub: “Ən mühüm amil isə bu islahatların xalqımız, eləcə də beynəlxalq təşkilatlar, ekspertlər tərəfindən yüksək qiymətləndirilməsidir. İstənilən addımın arxasında inam və dəstək olmasa, onun effektiv nəticələrindən söhbət gedə bilməz.

Deputat söyləyib ki, bir neçə gün öncə Fransanın “Opinion way” şirkəti tərəfindən aparılan sorğuda Azərbaycan vətəndaşlarının 90 faizinin Prezidentin islahatlarını dəstəkləməsi onların ölkədə aparılan mühüm iqtisadi və idarəetmə islahatlarını qiymətləndirməsinin göstəricisidir.

İlin ilk 3 ayı müddətində Azərbaycan iqtisadiyyatının inkişaf göstəricilərini xatırlayan deputat söyləyib ki, bu müddət ərzində ÜDM 3 faiz, qeyri-neft sənayesi 15 faiz artıb: “İslahatlar nəticəsində iqtisadiyyatda şəffaflığın artması büdcə gəlirlərini son 2 ayda 200 milyon manat artırıb. Dövlətin artan gəlirlərini vətəndaşların sosial müdafiəsinin güclənməsinə yönəldən dövlət başçısı tərəfindən imzalanan fərman və sərəncamlar nəticəsində xalqımızın rifah halı xeyli artıb”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə