SOCAR 3 ayda 1,8 milyon ton neft, 1,6 milyard kubmetr təbii qaz hasil edilib STATİSTİKA

Birinci rübdə SOCAR tərəfdaş şirkətlərlə birlikdə ölkədə neft hasilatını stabil səviyyədə saxlayıb. SİA xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə ölkə üzrə neft hasilatı ötən ilin eyni ayları ilə müqayisədə 0,15 faiz artaraq 9,7 milyon ton təşkil edib. SOCAR üzrə isə 1,85 milyon ton neft hasil olunub.

SOCAR tərəfindən cari ilin yanvar-mart aylarında 1 milyard 564 milyon kubmetr təbii qaz hasil edilib. Bildirilir ki, bu ilin birinci rübündə SOCAR tərəfdaş şirkətlərlə birlikdə ölkədə neft hasilatını stabil səviyyədə saxlamaqla yanaşı, qaz hasilatında ciddi artıma nail olub. Ölkə üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1 faiz artaraq 9,11 milyard kubmetr təşkil edib. SOCAR üzrə isə 1 milyard 564 milyon kubmetr qaz hasil olunub.

Qaz hasilatının artırılması istiqamətində SOCAR-ın “Ümid” yatağında 6810 metr dərinliyə qazıb istismara verdiyi yeni quyu xüsusi qeyd edilməlidir. Şirkət üzrə ən yüksək debitə malik bu quyuda qazma işləri mürəkkəb geoloji strukturda bir çox texniki üsullardan ilk dəfə tətbiq edilməklə təhlükəsiz şəraitdə tamamlayıb. Quyunun potensial hasilatı gündəlik 2,5 milyon kubmetr qaz, 400 ton kondensat həcmində qiymətləndirilir. Bundan əlavə 5940-6810 metr dərinlikdən süxur nümunələri götürülüb, temperatur və lay təzyiqi barədə məlumatlar əldə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə