Rusiya Türkmənistandan qaz idxalını bərpa edib

Türkmənistan üç illik fasilədən sonra Rusiyaya qaz ixracını bərpa edib.

SİA Rusiya kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, bu barədə Türkmənistanın neft-qaz sahəsindəki mənbə bildirib. Ixrac olunacaq qazın həcmi və qiyməti barədə heç bir məlumat verilməyib.

Mənbənin sözlərinə görə, 25 illik müqavilənin mövcud olmasına baxmayaraq, Rusiyaya qazın idxalı 2016-cı ilin yanvarından “Qazprom” şirkəti tərəfindən birtərəfli dayandırılmışdı. Əslində, təxminən bir ay əvvəl “Qazprom”un rəhbəri Aleksey Miller Rusiyanın Türkmənistandan yenidən qaz almaq fikrində olduğunu bildirmişdi.

Qeyd edək ki, Rusiya və Türkmənistan arasında qazın ixrac və idxalı ilə bağlı müqavilə 2003-cü ildə imzalanıb. 2008-ci ildə “Qazprom” qazın qiymətinə yenidən baxılması təklifi ilə çıxış edib. 2009-cu ildən Rusiya Türkmənistandan ildə 10 milyard m3 qaz idxal edib. 2015-ci ildə şimal qonşumuz qazın həcmini 4 milyard m3-ə endirmək istəsə də bu tərəflər arasında narazılığa səbəb olmuşdu. Bu səbəbdən Rusiya 2016-cı ildən Türkmənistandan qaz idxalına fasilə vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...