Bu itlər qaçaqmalçıların qənimidirlər - FOTOREPORTAJ

Məlum olduğu kimi, sərhəddə gömrük keçid məntəqələrində xidməti axtarış itlərinin köməyindən geniş istifadə olunur. Bu itlərin axtarış üçün hazırlanması isə xüsusi əhəmiyyət kəsb edir.

Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzi belə xidməti axtarış itlərinin hazırlanması üzrə böyük təcrübəyə və uğurlara malikdir. Sözügedən mərkəz 2003-cü ildə istismara verilib. Buranın ərazisi 4 hektara yaxındır. Ərazidə inzibati bina, baytarlıq klinikası, 100 baş axtarış itinin saxlanılması üçün saxlanc yerləri, damazlıq və dölçülük üçün nəzərdə tutulmuş bölmə, mətbəxt və s. xidmət üçün lazım olan yer və avadanlıqlar mövcuddur.

Kinoloji Mərkəzin rəisi, gömrük xidməti polkovniki İlkin Osmanov DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən mərkəzə təşkil edilmiş media tur zamanı jurnalistlərə buranın fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

Bildirib ki, Kinoloji Mərkəzin əsas istiqaməti narkotik vasitələr, partlayıcı maddələr, silah-sursat, tütün vasitələri və s. digər lazım olan maddələrin iylərinə reaksiya verən xidməti axtarış itləri hazırlamaqdır.

Onun sözlərinə görə, hazırda Kinoloji Mərkəzdə 60 baş xidməti axtarış iti mövcuddur: “Biz 12 dövlətə də xidməti axtarış itləri vermişik. Onların təlimçiləri bizim mərkəzin bazasında təlimlər keçiblər. Makedoniya, Gürcüstan, Toqo, Seneqal, Monqolustan, Əfqanıstan, Bolqarıstan, Rumıniya, Qırğızıstan və s. dövlətlərə xidməti axtarış itləri ianə edilib. Əsasən alman və belçika çoban itlərindən istifadə olunur. Ancaq bütün yavru balaları öz damazlıq və dölçülük bölməmizdə əldə ediririk”.

Mərkəz rəisi bildirib ki, bir itin bir illik saxlama xərci onun cinsinə və çəkisinə bağlıdır: “Bir alman çoban itinin bir illik saxlanma xərci təxminən 1000 - 2000 AZN-dir. Belə itlərin satışı isə Avropada 10-15 min avro arasındadır”.

Qeyd edək ki, hər itin öz təlimçisi olur. İtlər seçildikdən sonra bir həftə ərzində insanlarla münasibəti və digər xidmət üçün keyfiyyətləri yoxlanılır. Əgər onlar yararlıdırsa, təlimlərə cəlb olunurlar. Hər it isə axtarışa yararlı olmur.

Nəzərinizə çatdıraq ki, dünyada axtarış itlərinin təlimi üçün iki metod var: oyun və yem metodu. DGK-nın Kinoloji Mərkəzində əsasən oyun metodundan istifadə edilir. İtin axtardığı vasitə onun oyuncağı olur. İtə elə təlim keçirilir ki, o heç zaman gömrükçünü yarı yolda qoymur.

Xidməti axtarış itləri maksimum 8 yaşa qədər xidmətdə olmalıdır. İstisna hallarda, bəzən atestasiya olunaraq 8 yaşından sonra da xidmətdə qalan itlər olur.

Qeyd edək ki, DGK-nın Kinoloji Mərkəzinin xidməti axtarış itləri dəfələrlə müxtəlif yarışların qalibləri olub. "Layma" ləqəbli axtarış iti 2003-cü ildə 2-ci Avropa çempionatında birinci yeri tutub.

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə