“Sahibkarlar bir zənglə bütün məsələlərini həll edirlər" - GÖMRÜKDƏ YENİLİK

"Azərterminalkompleks" Birliyi Dövlət Gömrük Komitəsinin tərkibində təsərrüfat hesablı birlik kimi fəaliyyət göstərir. Birliyin əsas fəaliyyəti sahibkarlara xidmətdir”. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin rəisi, gömrük xidməti general-mayoru Ehtiram Xəlilov deyib.

O qeyd edib ki, sahibkarlara göstərilən xidmətlər arasında bəyannamələrin yazılması, dayanacaq, tərəzi, kuryer xidməti, yüklərin çatdırılması və s. həyata keçirilir: “Bizim bütün sərhədlərdə müvəqqəti saxlanc anbarlarımız var. Hansısa yüklər Nazirlər Kabinetinin qərarına əsasən sərdəddən keçə bilməzsə, müvəqqəti saxlanc anbarlarına yığılır. Nazirlər Kabinetinin 2013-cü ildə imzalanan 88 saylı qərarına əsasən saxlanc anbarlarında tez xarab olan, dövriyyəsi məhdudlaşdırılmış olan mallar məhkəmənin qərarı ilə müsadirə olunur və məhvetmə komissiyası tərəfindən məhv edilir”.

E.Xəlilovun sözlərinə görə, müsadirə olunan qeyri-ərzaq məhsulları isə Əmlak Məsələləri Dövlət Komitəsinin elektron hərrac sistemi vasitəsilə hərraca çıxarılır və əldə edilən gəlir birliyin büdcəsinə köçürülür.

Son zamanlar gömrük sahəsində böyük dəyişikliklərin olduğunu vurğulayan birlik rəisi fevralın 1-dən "Yaşıl Dəhliz" buraxılış sisteminin fəaliyyətə başladığını bildirib: “Artıq bir çox şirkətlərə “Yaşıl dəhlizlər” verilib. Fevralın 1-dən Ticarətin Asanlaşdırılması Mərkəzi də fəaliyyətə başlayıb. Sahibkarlar heç yerə getmədən portal vasitəsilə bizə yazmaqla qısa idxal bəyannamələrini tərtib etdirə bilirlər. Bu isə onlara daha geniş imkanlar yaradır. Sahibkarlar evdə otura-otura Ticarətin Asanlaşdırılması Mərkəzinə bir zənglə bütün məsələlərini həll edirlər.

Gələcəkdə dayanacaq və tərəzilərimizin səviyyəsini artırmağı planlaşdırırıq. Avropaya inteqrasiya olduqca, sərhəd zonalarına yüklərin sıxlıqlarının azalması üçün yeni dayanacaqlar açırıq”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə