Sənədsiz binalarla bağlı inqlabi qərar verilib TƏHLİL

İstismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini nəzərə alaraq, humanizm prinsiplərini əsas götürərək, binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzalanan fərman Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edir. Həmin Fərmanda 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsi qaydaları müəyyənləşdirilir ki, bu da Azərbaycan Respublikasında əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindəndir.

Vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər ölkənin sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq həyata keçirilir. Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən inşaat sektorunda son illər müşahidə olunan inkişaf danılmazdır. Şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hissəsi əsasən çoxmənzilli yaşayış binalarının tikintisinin payına düşür. Məsələ burasındadır ki, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılıb və məhz bu səbəbdən də həmin binaların rəsmiləşdirilməsi qeyri-mümkün olub.

Vətəndaşların qeydiyyat sənədləri artıq Əmlak Məsələləri üzrə Dövlət Komitəsində onların adına tərtib olunacaq

Fərman 2020-ci ilin yanvarın 1-dək qüvvədədir və bu isə o deməkdir ki, növbəti ilin yanvarın 1-dək tikintisi başa çatmış, istismara hazır olan binalarda Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırmalar aparılacaq. İki ay müddətinə yekunlaşacaq bu araşdırmalardan sonra isə yararlı olan, qəzalı vəziyyətdə olmayan binaların istismara qəbulu həyata keçiriləcək.
Əvvəllər Bakı Şəhəri İcra Hakimiyyəti istismara qəbulla bağlı sənədlərdə müəyyən qüsurlar tapırdı. Ancaq hazırda FHN-in rəyi məsələnin həlli üçün yetərli olacaq. Yəni, müsbət rəy verilən bina barəsində qeyd şərtsiz istismara qəbul aktı tərtib olunacaq. Bu isə o deməkdir ki, həmin çoxmənzilli binaya qeydiyyat problemi həll olunacaq.
Vətəndaşların qeydiyyat sənədləri artıq Əmlak Məsələləri üzrə Dövlət Komitəsində onların adına tərtib olunacaq. Beləliklə, çoxmənzilli binalarda qeydiyyatla bağlı uzun illərdən bəri yığılıb qalan problemlər öz həllini tapacaq. Mövcud problemin həllini tapması isə mənzil idarəçiliyi baxımından yığılıb qalan problemlərin həlli ilə yanaşı, həm də aparılan əməliyyatlar üzrə dövlət büdcəsinə daxilolmaları artıracaq. Mənzil Tikinti kooperativləri (MTK) alqı-satqı zamanı müqavilələrin dəyişdirilməsinə görə vətəndaşlardan qeyri-qanuni yolla bir mənzilə görə 3-4 min manat pul alırdılarsa, bundan sonra həmin məbləğə yaxın vəsait rəsmi qaydada vergi şəklində dövlət büdcəsinə yönələcək. Dövlət büdcəsinə daxilolmaların artması da məhz bu şəkildə reallaşacaq.

Fərman bir sıra istiqamətlər üzrə qeydiyyat problemlərinin həllinə, mənzil fondunun təkmilləşməsinə, idarə olunmasına çox müsbət şərait yaradacaq

Xüsusilə vurğulamaq yerinə düşərdi ki, qeydiyyata alınmış mənzillər üzrə bələdiyyələrin vergi yığımında problemləri də aradan qalxacaq. Eyni zamanda, aparılacaq girov və digər əməliyyatlara, məsələn, bağışlamaq, vərəsəlik kimi əməliyyat xərclərindən daşınmaz əmlak üzrə reyestr xidmətinə, notariat kontorlarına da vəsaitlər daxil olacaq. Həmçinin vətəndaşlar MTK-larla aralarındakı problemi məhkəmə qaydasında hüquqi yolla həll etmək imkanı da əldə edəcəklər. Bir sözlə, fərman bir sıra istiqamətlər üzrə qeydiyyat problemlərinin həllinə, mənzil fondunun təkmilləşməsinə, idarə olunmasına çox müsbət şərait yaradacaq.
Onu da nəzərə almaq lazımdır ki, artıq Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən o binalardakı qüsurlar da aşkar olunacaq və bu xüsusilə əhəmiyyətlidir. Əlbəttə, tikinti şirkətlərinin rəhbərlərinə imkan da verilir ki, 5 ay müddətində problemləri aradan qaldırıb FHN-ə rəylə bağlı müraciət etsinlər. Bu da öz növbəsində qüsurların zamanında aradan qaldırılması, qüsursuz mənzillər deməkdir.
Proqnozlarımıza görə, hazırda Bakıda təqribən qeydiyyatsız 800-dən artıq istismara qəbul olunmayan çoxmənzilli bina var. Ölkə başçısının imzaladığı fərman paytaxtda qeydiyyatsız binaların probleminin ilk növbədə həlli deməkdir. Yəni, bu o deməkdir ki, paytaxtda qeydiyyata alınmamış və istismara qəbul edilməyən mənzillərin ən azı 70-80 faizində qeydiyyat problemi həll olunacaq.

İmzalanan fərman insanları öz mənzillərinin qanuni sahibinə çevirəcək və mənzil alğı-satqısı ilə bağlı səlahiyyətlər birbaşa mənzil sahibinə keçəcək

Məlumdur ki, Uzun illərdir binaların əksəriyyətinin istismara qəbul aktı yoxdur. Məhz bu səbəbdən də orada yaşayan vətəndaşlar öz hüquqlarını təsdiq edən sənəd belə əldə edə bilmirdilər. Sözsüz ki, binaların sayı artdıqca bu problemin böyüməsi də inkar edilə bilməz. Artıq yeni fərmana əsasən, yaşayış şəraiti olan, kommunikasiyalarla təmin edilən və təhlükəsizlik haqda rəyi olan bütün binaların ilin sonuna qədər sənədləşməsi mümkün olacaq.
Bu fərmanın əhəmiyyəti olduqca böyükdür və biz bunun digər istiqamətlərdə də bir sıra müsbət tərəflərini qeyd etməliyik. Əvvəla, bu fərman insanları öz mənzillərinin qanuni sahibinə çevirəcək. Digər tərəfdən, MTK-lar artıq mənzil alğı-satqısı ilə bağlı səlahiyyətlərindən məhrum olacaq və bu səlahiyyətlər birbaşa mənzil sahibinə keçəcək. Bununla da mənzil alğı-satqısı zamanı yaranan əlavə xərclərə və müəyyən problemlərə birdəfəlik son qoyulacaq. Sözsüz ki, eyni zamanda, vətəndaşlar gələcəkdə öz mənzillərini notarial qaydada sata və ya girov qoyaraq ondan yararlana biləcəklər.
Onu da nəzərə almaq lazımdır ki, yeni fərman həm də bir sıra iqtisadi problemlərin həlli deməkdir. Heç şübhə yoxdur ki, bundan əvvəl Dövlət Statistika Komitəsi tərəfindən hər il verilən hesabat reallığı əks etdirə bilməzdi. Məsələn, komitə hər il hesabat verirdi ki, il ərzində 1,7 və ya 2 milyon kvadrat metr mənzil sahəsi istismara verilir. Amma tikilən mənzillərin çoxunun istismara qəbul aktı olmadığından qeydiyyata düşmədiyini nəzərə alsaq görərik ki, bu statistik məlumatlar heç də reallığı əks etdirmir. Artıq yeni fərmandan sonra bu məsələ də öz həllini tapacaq. Yəni bundan sonra bu iş müvafiq olaraq statistika düsturu ilə aparılacaq. Bütün bunların nəticəsi olaraq isə daha çox mənzil sahəsi istismara veriləcək.
Göründüyü kimi, ölkə başçısı, Cənab Prezident İlham Əliyev tərəfindən imzalanan fərman çox böyük əhəmiyyətə malikdir və əhalinin yaşayış səviyyəsinin, eyni zamanda sosial rifahının yüksəldilməsinə, dövlət büdcəsinin artımına, iqtisadi məsələlərin həllinə hesablanıb. Bu baxımdan cəsarətlə demək olar ki, sənədsiz binalarla bağlı inqlabi qərar verilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə