Bəhruz Quliyev: “Cənub Qaz Dəhlizi geniş beynəlxalq əməkdaşlıq layihəsidir" RƏY

"Paytaxtımızda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında irəli sürülən fikirlər bir daha təsdiq edir ki, Azərbaycan hazırda dünyanın ən aparıcı enerji təchizatçılarından biridir və bütün bu uğurlar ilk növbədə, yürüdülən uğurlu iqtisadi siyasətin nəticəsidir". SİA xəbər verir ki, bu fikirləri Olaylar.az-a açıqlamasında "Səs" Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzuya münasibətini açıqlayarkən deyib.

Siyasi ekspertin sözlərinə görə, əbəs deyil ki, toplantıda iştirak edən Prezident İlham Əliyev Azərbaycana yatırılmış 250 milyard dollar investisiyanın ölkə iqtisadiyyatını şaxələndirməsinə, islahatları uğurla həyata keçirməsinə, yaxşı biznes mühitinin yaranmasına imkan verdiyini deyib və eyni zamanda, enerji gəlirlərindən düzgün istifadə sayəsində infrastrukturlara sərmayə yatırılmasına, o cümlədən, əhalinin yaşayış səviyyəsini qaldırılmasına nail olunduğunu vurğulayıb: "Bu, ilk növbədə belə deməyə əsas yaradır ki, mühüm enerji layihələrinin, xüsusilə Cənub Qaz Dəhlizinin məhz Azərbaycan tərəfindən təşəbbüskar olaraq reallaşdırılması xalqımızın rifah halının daha da yaxşılaşdırılmasına, iqtisadi uğurların sosial uğurlara keçid etməsinə münbit şərait yaradıb".

Bəhruz Quliyev bütün qeyd olunanlarla yanaşı, Azərbaycanın dünya birliyində etibarlı tərəfdaş kimi qəbul olunduğunu bildirib. "Əbəs deyil ki, dövlətimizin başçısı xarici investisiyaların ölkəmizdə100 faiz qorunduğunu vurğulayıb. Bu isə əlbəttə ki, Azərbaycanda biznes mühitinin ən yüksək səviyyədə təkmilləşməsinin, inkişaf etməsinin göstəricisidir", deyə qeyd edən "Səs" Media Qrupun rəhbəri əlavə edib ki, artıq, enerji resurslarının daha geniş əhatə dairəsində şaxələndirilməsi istiqamətində infrastruktur şəbəkələri yaradılmaq üzrədir: "Bildiyimiz kimi, Azərbaycan neft və qaz ölkəsi olaraq iqtisadi strategiyasının əsaslarını qoyub və bunun nəticəsidir ki, 1994-cü ildən hazırkı dövrə qədər ölkəmiz milyardlarla dollarlıq sərmayələr cəlb edib. Çünki sərmayələr yatıran ölkələr də yaxşı bilirdilər ki, Azərbaycan eyni zamanda, enerji resurslarının nəqli üçün əhəmiyyətli coğrafiyaya malik tranzit ölkədir. Artıq enerji siyasəti üzərində qurulan strategiyamız qarşıdakı illərdə daha nəhəng layihələrin reallaşdırılmasına imkan verəcək. Cənab İlham Əliyev toplantıdakı çıxışında bu fikirlərini deyib və qeyd edib ki, Cənub Qaz Dəhlizinin dörd elementindən üçü artıq hazırdır və istifadə olunur və o cümlədən, ölkəmiz Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir. Bu, çox önəmli bir hadisədir və dövlət başçımız bununla bir daha təsdiq edib ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və geniş beynəlxalq əməkdaşlıq layihəsidir. Bu layihədən yararlanan ölkələr isə, əlbəttə ki, yalnız uğurlu iqtisadi siyasətlərini davam etdirmək imkanına malik olacaqlar.Yəni, Azərbaycanın ideyaverici və təşəbbüskar ölkə olaraq bu cür strategiya yürütməsi xarici ölkələrin, investorların ölkəmizə olan maraqlarını daha da artırır. Təsəvvür edin, Azərbaycan 2,6 trilyon kubmetr təşkil edən nəhəng qaz ehtiyatlarına malik olan bir ölkədir və xarici investorlar, o cümlədən, sözügedən layihədə yer alan dövlətlər əlbəttə ki, bu reallığı diqqətlərində saxlamaqdadırlar".

"Qazanan isə Azərbaycan dövləti və xalqı olacaq", deyən Bəhruz Quliyev son olaraq qeyd edib ki, layihədən əldə ediləcək gəlirlər xalqımızın sosial-iqtisadi rifahının təminatına və s. mühüm məsələlərə yönləndiriləcək: "Əlbəttə, bütün bunlar ən yaxın perspektivdə həyata keçiriləcək prioritet planlardır ki, artıq onun ilkin uğurları da göz önündədir".

Bütün xəbərlər Facebook səhifəmizdə