Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olunub

İqtisadiyyat naziri Şahin Mustafayev Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının 5-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İtaliya Respublikasının iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə görüşüb.
SİA Iqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın uğurla davam etdiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya səfərləri, ötən ilin iyul ayında İtaliya Respublikasının Prezidenti cənab Sercio Mattarellanın Azərbaycana səfərinin, bu səfərlər çərçivəsində keçirilən görüşlərin, biznes-forumların və aparılan danışıqların əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyətini vurğulayıb.

İkitərəfli iqtisadi əlaqələrdən danışan Şahin Mustafayev qeyd edib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 10% artaraq 6,2 mlrd. dollar təşkil edib. Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda İtaliyanın iştirakı ilə tvinninq layihələri icra olunur. İtaliya şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərir. İtaliyanın “Maire Tecnimont” şirkətinin podratçısı olduğu “SOCAR-Polymer” zavodunun bir neçə gün əvvəl açılışı olub. 2018-ci ildə bu zavodun birinci mərhələsinin açılışında hər iki dövlət başçısının iştirakı ikitərəfli əlaqələrin inkişafına verilən önəmin göstəricisidir.

Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu vurğulayan İqtisadiyyat naziri Cənub Qaz Dəhlizi layihəsinin, TANAP-ın ölkəmizin mühüm enerji təminatçısı kimi mövqeyini daha da möhkəmləndirdiyini, iştirakçı ölkələr arasında əməkdaşlığı gücləndirdiyini, Azərbaycan qazını İtaliyaya nəql edəcək TAP layihəsinin də uğurla icra olunduğunu vurğulayıb.

Azərbaycanın artan tranzit imkanları, reallaşdırılan mühüm layihələr - Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tranzit-logistika əməkdaşlığının inkişafı üçün geniş imkanlar yaradır.

Hazırda Azərbaycan və İtaliya arasında investisiyaların təşviqi və qorunması haqqında yeni Saziş layihəsi, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan birgə Fəaliyyət Planı üzərində iş aparılır. Şahin Mustafayev ölkəmizin qeyri-neft sektoru sahəsində İtaliya ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, energetika, infrastruktur, nəqliyyat, İKT, turizm, kənd təsərrüfatı, şərabçılıq və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayıb. İqtisadiyyat naziri Şahin Mustafayev italyan iş adamlarını Azərbaycandakı əlverişli işgüzar şəraitdən yararlanmağa, sənaye parklarında və məhəllələrində maşınqayırma, məişət texnikası, yüngül sənaye, əczaçılıq sahələrində birgə müəssisələrin təşkilinə dəvət edib.

İtaliya Respublikasının İqtisadi İnkişaf nazirinin müavini Andrea Cioffi yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafında mühüm rolunu, səfərlər zamanı digər sahələr kimi, qeyri-neft sektoru sahəsində də əlaqələrin genişləndirilməsinə dair səmərəli müzakirələrin aparıldığını vurğulayıb. Andrea Cioffi İtaliya şirkətlərinin Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində layihələrdə iştirak etməkdə marağını diqqətə çatdıraraq, əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə