Naxçıvanda dəmir yolu ilə 15 minə yaxın sərnişin daşınıb

Yanvar ayında Naxçıvanda Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 8 min 400 ton müxtəlif təyinatlı yük, Ordubad-Şərur və Şərur-Culfa istiqamətində hərəkət edən yük-sərnişin qatarları vasitəsilə 14 min 703 sərnişin daşınıb.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətindən bildirilib ki, Culfa Lokomotiv Deposunda lokomotivlər texniki baxışdan keçirilib, Culfa İstismar Vaqon Deposunda vaqonlar cari təmir edilib. İnfrastruktur İdarəsinin xidməti ərazisində baş və stansiya yollarına baxış keçirilib, yağış və leysan sularının maneəsiz ötürülməsi üçün dağüstü kanallarda, körpü yataqlarında, küvetlərdə və beton borularda təmir işləri aparılaraq tullantılar təmizlənib. Dəmir yolu obyektlərinin və elektrovozların fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə işlər davam etdirilib, alçaq və yüksəkgərginlikli elektrik ötürücü hava və kontakt şəbəkəsi xətlərində təmir aparılıb.

Muxtar respublikada dəmir yolu infrastrukturunun texniki bazasının gücləndirilməsi məqsədilə Culfa stansiyasında İstismar Vaqon Deposunda tikinti işləri davam etdirilib, xidməti ərazidəki bütün bina, tikili və qurğularda, eləcə də istismarda olan lokomotiv və sərnişin vaqonlarında yanğına qarşı texniki müayinə keçirilib, aşkar olunmuş nöqsanlar aradan qaldırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə