"10 mindən artıq vətəndaşımız Fərmandan yararlanmaq imkanı qazanacaq” ÖZƏL-ŞƏRH

"Uzun müddət idi ki, Azərbaycanda ən çox müzakirə edilən məsələlərdən biri də yeni inşa edilən binalarda binaların istismara alınması və həmin binalarda yaşayan sakinlərin mənzil çıxarışı sadə dillə desək, “kupça” ilə təmin edilməsi ilə bağlıdır". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Ekspertin sözlərinə görə, faktiki olaraq bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı uzun müddət müzakirə edilən problemin həll edilməsinə imkan yaradır: "Söhbət 10 mindən artıq vətəndaşımızın sözügedən Fərmandan faydalanmasından gedir. Belə ki, Bakıda son illər inşa edilən binaların təxminən 75 faizinin “kupça”sı yox idi. Yəni binalar istismara alınmadığı üçün bina sakinləri mənzil çıxarışı əldə edə bilmirlər. Nəticə etibarilə bu Fərman imkan verəcək ki, binaların istismarı prosesi sadələşdirilsin və ilin sonunadək əksər binaların istismara qəbul etmək mümkün olsun. Bu həmin binaların “kupça” ilə təmin olunmasına imkan verəcək. Belə ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində bütün binalarla bağlı 2019-cu il yanvarın 1-dək keçirilən binalarla bağlı rəy hazırlayıb Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edəcək.

Daha sonra sözügedən qurumlar 7 gün müddətində müsbət rəy almış binaların istismara qəbul edilməsi ilə bağlı qərar verib onun yerləşdirilməsini həyata keçirəcək. Binalar istismara alındıqdan sonra isə bina sakinləri “ASAN Xidmət”ə müraciət etməklə öz mənzillərinə çıxarış və ya “kupça” ala biləcəklər. Bu bir tərəfdən imkan verəcək ki, 10 mindən artıq vətəndaşın mülkiyyət hüquqlarının qorunması təmin olunsun və onlar artıq sahib olduqları mənzillərdə rəsmi olaraq mənzillərin mülkiyyət hüququna malik olacaqlar. Eyni zamanda bu həm binaların idarəetmə sisteminin modernləşməsi, həm də şəffaflığın gücləndirilməsi baxımından vacibdir. Həmçinin bu kommunal haqların məbləğinin optimallaşdırılması sarıdan da önəmlidir. Xüsusən də mülkiyyət hüququ tanındıqdan sonra həmin binalardan mənzillərin girov kimi təqdim edilərək klientlərin cəlb edilməsinə və əməliyyatların aparılmasına imkan verəcək. Eyni zamanda bu əmlak bazarında qiymətlərin optimallaşdırılması və əmlak bazarı dövriyyəsinin genişləndirilməsi baxımından çox vacibdir. O baxımdan Fərman həm iqtisadi, həm də sosial əhəmiyyətə malikdir və nəticə etibarilə 2019-cu ilin sonunadək 10 min vətəndaşımız məhz bu Fərmandan yararlanmaq imkanı qazanacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə