Polşanın Azərbaycandakı iqtisadi layihələrə cəlbi müzakirə edilib

Polşanın Azərbaycandakı iqtisadi layihələrə cəlb edilməsi müzakirə olunub. AZƏRTAC xəbər verir ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadovun rəhbərlik etdiyi nümayəndə heyətinin Polşaya səfəri çərçivəsində bu ölkənin Sahibkarlıq və Texnologiya Nazirinin müavini Tadeusz Koscinski, Polşa İnvestisiya və Ticarət Agentliyində (PAIH), Qdansk və Slavkuv limanlarındakı rəsmi şəxslərlə görüşlər keçirilib. Görüşlər zamanı Bakı Limanı, Ələtdə yaradılmaqda olan Azad İqtisadi Zonanın fəaliyyəti, imkanları, İpək Yolu konsepsiyası barədə təqdimatlar olub. Görüşlərdə Azərbaycan tərəfindən xarici sərmayədarlar üçün yaradılmış əlverişli şərait, Polşanın ölkəmizdə iqtisadi layihələrə cəlb edilməsi, Bakı-Tbilisi-Odessa-İliceyvsk-Slavkuv marşrutu üzrə nəqliyyat-logistik daşımacılığın səmərəliliyi və digər məsələlər müzakirə edilib.

Nümayəndə heyəti Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş polyak əsilli general Matsey Sulkeviç, Polşa Respublikası Ordusunun və Milli Ordunun polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigarın şərəfinə ucaldılmış “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” abidəsini də ziyarət edib. Səfər Polşanın Sahibkarlıq və Texnologiya, Dəniz Naviqasiyası və İnfrastruktur nazirliklərinin birgə təşəbbüsü baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...