“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Maştağada

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşa yönəlik “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası ilə qeydiyyat xidmətlərini daha da əlçatan edir. Daşınmaz əmlakın qeydiyyatı xidmətlərinin birbaşa ünvanlarda göstərilməsi ilə vətəndaşların ərazi idarəsinə getmək ehtiyacı aradan qaldırılır. SİA Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına istinadən xəbər verir ki, çevik xidmət və rahat müraciətə yönəlmiş növbəti kampaniya bu həftə paytaxtın Maştağa qəsəbəsində keçiriləcək. Daşınmaz əmlaklarla bağlı xidmətlərdən faydalanmaq istəyən sakinlər 18-22 fevral tarixlərində saat 09:00-dan 17:00-dək Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hadi Şəfai küçəsi 37 (Qəsəbə nümayəndəliyinin qarşısı) ünvanındakı mobil ofisə yaxınlaşa bilər.

Yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı xidmətləri ilə yanaşı, qəsəbə sakinləri hüquqi yardımın göstərilməsi üçün də müraciət edə bilər. Sosial aksiya çərçivəsində göstərilən xidmətlərlə bağlı bütün suallar cavablandırılır və hüquqi məsləhətlər verilir. Mülkiyyət hüququnu həyata keçirərək leqal daşınmaz əmlaka sahib olmaq istəyən bütün vətəndaşlarımızı səyyar xidmətlərdən yararlanmağa dəvət edirik.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə